Uydurulan, səhv nəql edilən, təhrif edilən, insanların öz istəklərinə görə şərh olunan minlərlə hədis hazırda İslam dininin ən mühüm mənbəyi hesab olunur. İslam dini 73 yerə parçalanmış, 73 ayrı məzhəb, daha doğrusu bir-biriylə tamamilə ziddiyyət təşkil edən 73 ayrı din yaradılmışdır.
Bir çox müsəlman bacı-qardaşımız bunları əsl dinin hökmləri hesab edərək bilmədən tətbiq edir və səhih olmayan bir çox hədisi doğru kimi anlayır. Bu gün bir çox müharibənin təməl səbəbini təşkil edən bu mövhumatlar, hədislər mövzusunda bir-biriylə ixtilafda olan bir zehniyyətin məhsuludur. Quranda Peyğəmbərimiz (s)-in Rəbbimiz qarşısında dilə gətirdiyi tək şikayəti İslam aləminin Quranı tərk etməsidir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” deyəcək. (Furqan surəsi, 30)
Şübhəsiz ki, Rəbbimiz istəsəydi, Peyğəmbərimizin (s) bütün sözlərini qoruyar və 1400 illik bu sözlər, Quran ayələri kimi, heç bir dəyişikliyə uğramadan dövrümüzə qədər gəlib çatardı. Lakin təkcə Quran, İslam dininin mükəmməl şəkildə tətbiq olunması üçün kifayətdir. Onsuz da, Peyğəmbərimizin (s) bütün tətbiqləri Qurandadır.
Məhz buna görə də, Rəbbimiz Quranı qorumuşdur və O müsəlmanlar üçün kifayətdir. Quran qorunduğu və dəyişmədiyi üçün mövhumatçılar heç vaxt Onu, mövhumatlarına dayaq kimi istifadə edə bilməmiş, çətinləşdirməyə çalışdıqları İslam dininə Qurandan heç bir dəlil gətirə bilməmişlər. Dolayısilə mövhumatlarını həmişə saxta hədislərlə dəlilləndirməyə çalışmışlar. Çünki Quranda bütün müsəlmanların birləşəcəyi tək yol, tək təsvir və tək ağıl var.
Quran müsəlmanlara yol göstərici və mərhəmət olaraq nazil edilmişdir:
…Bu Quran uydurulacaq bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müxtəlif formalarda izah edəndir; iman gətirəcək bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)
I Quranda Allahın ayələrini yetərsiz və ya hökmsüz hesab edərək (Allahı və Quranı tənzih edirəm) saxta sözlərə uyanların varlığından belə bəhs edilir:
Bunlar Allahın ayələridir. Biz onları sənə bir həqiqət kimi oxuyuruq. Onlar Allaha və Onun ayələrinə inanmadıqdan daha sonra hansı sözə inanacaqlar?! (Casiyə surəsi, 6)
Allah ziddiyyətlərlə dolu saxta açıqlamalara qarşı, Allahın dəyişməmiş hökmü və İslamın haqq kitabı olan Quran üzərində düşünməyə dəvət edir:
Məgər onlar hələ də Quran barəsində yaxşı düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
Quran tərk edildikdə, Onda bildirilən İslam yetərsiz hesab edildikdə və yeni bir din axtarışı başlandıqda ziddiyyətlər, ixtilaflar və düşmənçiliklər də bir-biri ardınca peyda olmuşdur. Quranı tənqid edən və öz uydurduqları dini hakim etmək istəyənlər də, yenə mövhumatlar vasitəsi ilə gələcək nəsilləri də Qurandan uzaqlaşdıracaq tədbirlər almışlar.

