Dünya üzərindəki istənilən bir insandan Quran haqqında nə bildiyini soruşsanız, o, sizə bunun İslam dininin müqəddəs kitabı olduğunu deyəcək. Bu, düzgün bir cavabdır, ancaq kifayət edəcək qədər deyil. Çünki Quran insanların böyük bir hissəsinin zənn etdiyi kimi, sadəcə dünyaya müsəlman kimi gəlmiş və ya sonradan müsəlmanlığı qəbul etmiş insanlara deyil, Allahın bütün bəşəriyyətə göndərdiyi və qiyamət günündə insanları cavabdeh sayacaq müqəddəs kitabdır. Ancaq insanların bir hissəsi qiyamət günündə cavabdeh olacaqları Quran haqqında çox az məlumata malikdir. Bu halda bütün insanların Quranın göndərilmə məqsədi və dinin hökmləri ilə bağlı hər xırdalıqları bilməsi və bunları da həyatında tətbiq etməsi lazımdır. İnsanın onu yaradan Rəbbinə qarşı cavabdehliyini öyrənəcəyi yeganə qaynaq Qurandır. Allah hesab günü insanları Qurana görə cavabdeh sayacağını “Zuxruf” surəsində belə bildirir:
Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün öyüd-nəsihətdir. Siz bundan sorğu-sual olunacaqsınız. (Zuxruf surəsi, 43-44)
Quran Allahın kəlamıdır. Quran özündən əvvəl endirilmiş müqəddəs kitabları təsdiqləyir və haqla batili ayırır. Quran bütün inananlar üçün bir rəhbərdir və onun bənzərinin olması qeyri-mümkündür.
Quranın haqq kitab olduğunun açıq şəkildə ortada olmasına baxmayaraq tarix boyu bunu inkar edən insanlar olmuşdur. Bu insanların dediklərindən biri Quranın Peyğəmbər tərəfindən yazılmış olması və ya özlərinin də belə bir kitab yaza biləcəkləri ilə bağlıdır. Allahın və Quranın üstünlüyünü qəbul etməmək üçün bu cür azğın fikirlər deyən insanların bu hərəkətləri hər dəfə böyük bir uğursuzluqla nəticələnmişdir. Həmçinin, Quranın Allah dərgahından göndərilmiş haqq və misilsiz kitab olması ilə bağlı ayələr bu şəkildə bildirilir:
De: “Əgər bu Qurana bənzər bir şey gətirmək üçün insanlar və cinlər bir yerə yığışsalar və bir-birinə dəstək olsalar, yenə də onun bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
Bu Quran Allahdan başqasına isnad edilə bilməz. O, ancaq özündən əvvəlkiləri təsdiqləyən və Kitabı (hökmləri) bəyan edəndir. Onda heç bir şübhə yoxdur. O, aləmlərin Rəbbi tərəfindəndir. Yoxsa onlar: “(Məhəmməd) onu özündən uydurdu!” – deyirlər? De ki: “Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!” Əksinə, onlar həqiqətini dərk edə bilmədikləri və yozumu onlara gəlib çatmayan Quranı yalanladılar. Onlardan əvvəlkilər də belə yalanlamışdılar. Bax gör, zalımların sonu necə oldu! (Yunis surəsi, 37-39)
Əslində təbliğdəki əsas hədəf bəhsi keçən insanların Quranı özlərinə rəhbər seçməsidir. Əks halda həqiqi imandan və qurtuluşdan danışmaq olmaz. İnsan cahil əxlaqının bütün şifahi və ya yazılı qanunlarından uzaqlaşaraq özünə yalnız Quranı rəhbər seçən və Quranın hər hökmünə çox dəqiq davranan bir möminə çevrilməlidir.
Bunun üçün də əvvəlcə Quranı tanımalı və onun Allah sözü olduğuna inanmalıdır. Buna görə də, təbliğ edilən şəxsə Quranın Allahdan bir vəhy olduğuna və endiriləndən bəri bir hərfinin belə dəyişmədiyinə dair açıq sübutlar göstərilməlidir. Təbii ki, tərcüməsini hər məzhəbçi özünə uyğun olaraq dəyişdirdiyindən, düzgün tərcüməni oxumalarını göstərə bilərsiz. (www.ayeaxtar.com)
“Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, hər şeyi eşidən və biləndir!” (Ənam surəsi, 115) ayəsindən də göründüyü kimi, Quran Allah tərəfindən endirilmişdir və yenə Onun tərəfindən qorunaraq dəyişdirilməsi əngəllənmişdir. Bu qorunmanı Allah “Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq” (Hicr surəsi, 9) ayəsi ilə də xəbər verir.
Quranın qorunmasının ən mühüm dəlillərindən biri içində heç bir ziddiyyət və əyriliyin olmamasıdır. 23 il ərzində müxtəlif hadisə və şərtlərə görə endirilmiş olan ayələrin heç biri digəri ilə ziddiyyətli olan fikir və ya hökm daşımır. Bu vəziyyətə Allah bu ayə ilə diqqəti yönəldir:
Onlar Quranı düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən gəlmiş olsaydı, həqiqətən, onda çoxlu ziddiyyətlər tapardılar. (Nisa surəsi, 82)
Bir başqa ayəyə görə də “Həmd olsun o Allaha ki, Quranı heç bir əyriliyə yol vermədən öz bəndəsinə nazil etdi” (Kəhf surəsi, 1). Əksini deyənlərə verilən cavab isə açıqdır: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa kimə gücünüz çatırsa, onu da çağırın!” (Yunis surəsi, 38). Allahın haqq dinini bildirdiyi Quran elə bir kitabdır ki, “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər” (İsra surəsi, 88).

