Allah iman edən bəndələrinin ən gözəl həyatı yaşamasını istəyir. Quranda möminin gözəl həyat tərzi keçirəcəyi bildirilir:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq. (Nəhl surəsi, 97)
Quranda halal və təmiz olan gözəl ruzidən istifadəyə təşviq edilir:
Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı və təmiz nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın! Şübhəsiz, Allah həddi aşanları sevməz. (Maidə surəsi, 87)
İnsan, Allahın sərhədlərini qoruduğu müddətcə ləyaqətli, şən, incəsənət və estetikadan həzz alan, güclü sosial əlaqələrə malik olmağı, gözəl xasiyyətli olmağı qadağan edən heç bir hökm yoxdur. Allahın haram etdiyi şeylər Quranda bildirilmişdir. Peyğəmbərimizin nümunəvi həyatı və tövsiyələri də məlumdur. Bundan başqa, insanın öz fikrinə görə hökm verməsi Quranda pislənir:
Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, – deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
…Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik. (Əraf surəsi, 31-32)
Allaha tam iman etməyən insanlar da, möminlər kimi dünya nemətlərindən bəhrələnirlər. Kafirlə mömin arasındakı fərq burada ortaya çıxır. İnkar edənlər Allahın onlara imtahan etmək üçün verdiyi pul, mal-mülk kimi nemətlərə bağlanır, Allahı unudur və Onun nemətlərinə nankorluq edirlər. Halbuki möminlər bu nemətlərin Allahdan gəldiyini bilərək bu nemətləri Allah yolunda ən gözəl şəkildə istifadə edərək Allaha yaxınlaşırlar. Bu mövzu ilə bağlı Quranda belə bildirilir:
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz. (Qəsas surəsi, 77)
Qısaca, Quran əxlaqına və Peyğəmbərimizin sünnəsinə uyan mömin çox təmiz, alicənab, gülərüz, xoş söhbət, incəsənət və estetikadan zövq alan, keyfiyyətli, tərbiyəli, etidallı və uzaq görən xarakterə sahibdir. Peyğəmbərimizin və səhabələrinin həyatına nəzər saldıqda bu vəziyyət açıq şəkildə görünür. Bunun əksini, yəni ləyaqətli və təmiz olmamağı, içinə qapalı olmağı, sərt və qatı olmağı dinin əsası kimi göstərmək heç də uyğun davranış deyil.
Ancaq bütün bunlarla yanaşı, vurğulanmalı başqa bir məqam da var: İnsan, Quran əxlaqını mənimsədikcə və Quranda bildirilən möminə xas xüsusiyyətlərə yiyələndikcə daha fərqli zövqlərin varlığını dərk edər. Məsələn, cahil cəmiyyətdə olan insan üçün həyatın ən böyük ləzzəti səyahət edib əylənməkdir. Halbuki, möminin həyatında daha üstün, daha nəcib və daha qalıcı ləzzətlər vardır. Allah rizası üçün çalışmaq, Allahın dinini təbliğ etmək, Quran əxlaqının gözəlliklərini insanlara izah etmək, insanları pisliyə sürükləyən inkarçılara qarşı fikri mübarizə aparmaq kimi…
İnsan, Quranda bildirilən möminin əxlaqını daha çox yaşadıqca, imanla əldə edilən həqiqi ləzzətlərin cahiliyyə ləzzətlərindən qat-qat üstün olduğunu görər.

