Quran əxlaqına tabe olmağın cəmiyyətlərə hansı maddi və mənəvi faydaları olar?

Quran əxlaqı, gözəl əxlaqın dərin, mənəviyyatlı, hüzur və güvən dolu mühitini meydana gətirər. Dövlətə və millətə böyük zərərlər verən anarxiya bəlası qəti olaraq sona çatar. Çünki insanlar Allahdan qorxar, itaətsizlikdən, fitnə-fəsad törətməkdən şiddətlə çəkinərlər. Həmçinin, mənəvi dəyərlərə sahib kəslər dövlətə və millətə sahib çıxarlar və bu dəyərlər üçün hər cür fədakarlığı etməkdən çəkinməzlər. Bu əxlaqdakı insanlar daima ölkənin rifahı və xoşbəxtliyi üçün çalışarlar.

Quran əxlaqının yaşandığı bir cəmiyyətdə insanlar, bir-birlərinə qarşı son dərəcə hörmətli olar və hər kəs bir-birinin rahatlığını və təhlükəsizliyini qoruyar. Çünki İslam əxlaqında həmrəylik, birlik və bərabərlik çox əhəmiyyətlidir. Hər insan özündən əvvəl digər insanların rahatlığını və mənfəətini düşünməlidir. Quranda möminlərin bu əxlaqı belə bildirilir:

Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır. (Həşr surəsi, 9)

İnsanların Allah qorxusu ilə hərəkət etdiyi belə bir mühitdə hər kəs cəmiyyətin rifahı üçün çalışar, israfçılıq olmaz, həmrəylik, əməkdaşlıq və bir-birinin mənafelərinə qarşılıqlı hörmət hökm sürər və bunun sayəsində də rifah səviyyəsi yüksək olan, zəngin bir cəmiyyət meydana gələr.

Belə bir cəmiyyətdə maddi zənginliklə yanaşı, mənəvi zənginlik də yaşanar. İnsanların hadisələr qarşısında yaratdığı xaos və üsyankar münasibətlər tamamilə yox olar. Hər kəs təvəkküllü davranar və hər problemə rasional həllər tapılar, hər hadisə sakitcə həll olunar. Həmişə sülh mühitində, sevinc, səmimiyyət, sevgi, mehribanlıq, dostluq və qardaşlıq içində həyat sürərlər.