İnkarçıların, insanları Qurandan ayırmaq və uzaqlaşdırmaq üçün iddia etdikləri yalanlardan biri də, Quranın yalnız ərəblərə endirildiyi və Qurana tabe olmaqdan məsul olanın yalnız ərəblər olduğu iddiasıdır. Ancaq Quranı bir dəfə oxumuş kimsə belə bir iddianın nə qədər ağılsızlıq və yersiz olduğunu asanlıqla dərk edəcək.
Peyğəmbərimiz hz. Məhəmmədin bütün insanlara göndərilmiş mübarək peyğəmbər olduğu və Quran hökmlərindən qiyamətə qədər bütün insanların məsul olduğu bir çox ayədə bildirilmişdir. Bu ayələrdən bir neçəsi yuxarıdakı iddianın mənasızlığını göstərmək üçün kifayətdir:
Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir. (Səba surəsi, 28)
De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur… (Əraf surəsi, 158)
İnkarçılar, cahil insanları aldatmaq və fitnə çıxarmaq üçün uydurduqları bu iddianı aşağıdakı Quran ayəsi ilə əsaslandırmağa cəhd edərlər:
Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Müdrikdir. (İbrahim surəsi, 4)
Ayə çox aydındır. Elçinin göndərildiyi cəmiyyət hansı dili danışırsa elçi də eyni dili danışır. Bu, tarixən belə olmuşdur. Ancaq belə olduğu təqdirdə, elçilər Allahın vəhyini ətrafındakı insanlara tam və qüsursuz şəkildə çatdıra bilərlər. Buna görə də, elçiyə vəhy edilən kitab da elçinin və qövmünün dilində göndərilir. Bundan daha təbii bir şey ola bilməz. Ancaq inkarçılar hər nə olursa olsun, dinə tabe olmamaq üçün bu cür bəhanələr irəli sürərlər. Onların bu zidd məntiqi Quranda belə xəbər verilmişdir:
Əgər Biz onu yad bir dildə Quran etsəydik, onlar deyərdilər: “Nə üçün onun ayələri müfəssəl izah edilməmişdir? Yad dil və ərəb peyğəmbər?!” De: “O, iman gətirənlərə doğru yol göstəricisi və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onlar ona qarşı kordurlar. Onlar sanki uzaq bir yerdən çağırılırlar. (Fussilət surəsi, 44)
Göndərilən bir peyğəmbərin qövmü ilə eyni dili danışması çox təbiidir, ancaq əlbəttə ki, bu vəziyyət başqa qövmlərə mənsub insanların Qurandan məsul olmadıqlarını göstərməz. Quranın mənası hər millətin öz dilinə asanlıqla tərcümə edilə bilər, izah edilər və hökmləri aydın ola bilər. Necə ki, elə də olmuşdur. Bu vəziyyət din əxlaqının öyrənilməsinə və tətbiqinə maneə törədən bir vəziyyət deyildir.

