Quran dirilərin kitabıdır

Quranda dəfələrlə bildirilir ki, O dirilərə endirilib, dirilər üçün rəhmət və şəfaət kitabıdır

Quranda dəfələrlə bildirilir ki, O dirilərə endirilib, dirilər üçün rəhmət və şəfaət kitabıdır. Bundan da yanlış nəticələr çıxarıb Quranı falçılar üçün istifadə edirlər. Qrip olanda sağalma duası, xəstəlikdən qorunma duası, sevgi duası, qəbir əzabından qorunma duası və s. Belə uydurmaları çıxaranlar bu duaları sataraq gəlir əldə edirlər. Tez-tez görürük ki, bayramlarda, xüsusi günlərdə insanlar ölən yaxınlarına “Yasin” surəsini oxudurlar. Molla oxuyur keçir, yanındakıların gözləri yaşarır, avazın təsirindən ağlayırlar amma orada nəyin deyildiyini anlamırlar. Quranda ölüyə Quran oxunması haqqında birbaşa və dolayı heç bir ayə yoxdur.

Yasin surəsinin tərcüməsini oxuyan görər ki, orada necə faydalı məlumatlar verilir, hamısı da dirilərə. Yasin surəsi 70-ci ayəsi dirilərə xəbərdarlıq edir və inkarçıları üzə çıxarır. Təsəvvür edin məzar başında bu ayə oxunur. Bu ona bənzəyir ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədib rəhmətə gedib, qəza yerinə gəlib ona yol hərəkəti qaydalarını oxuyursan. Bu ayədən anlayırıq ki, Quran ancaq diriləri xəbərdarlıq etmək üçün göndərilib.

Bu Kitabda heç bir şübhə yoxdur! O, təqva sahiblərinə doğru yolu göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

Bu ayədə deyilir ki, Quran möminlərə yol göstərən kitabdır, yəni bunun üçün insan sağ olmalıdır. Sağ olan mütəqqilərə yol göstərir ölülərə yox. Rəbbimiz Quranı bizə onu anlayıb həyatımıza tətbiq etməyimiz üçün göndərmişdir. Həyatımız Qurana görə olmalı və bizlər Quranı hər yerdə rəhbər tutmalıyıq.

Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyi kimsəyə (haqqı) eşitdirər. Ancaq sən ölü olanlara (haqqı) eşitdirə bilməzsən! (Fatir surəsi, 22)

Ölüyə Quran oxunmasını müdafiə edənlər burada iddia edirlər ki, söz məcazi mənada deyilib. Ayədə dirilərlə ölülərin fərqli olduğu deyilir əsas da haqqı eşitmək məsələsində. Çünki insan öləndən sonra bu dünya ilə tamamilə əlaqəsi kəsilir. Ona min dəfə də Yasin oxutdursan etdiyi günahları yumaz və ya savabının üstünə savab gəlməz.

Sən ölülərə (haqqı) eşitdirə bilməzsən. Arxasını dönüb gedən karlara da (haqq yola) dəvəti eşitdirə bilməzsən. (Nəml surəsi, 80)

Ayədən görürük ki, ölülər eşitmir. Quran sağ olanlar üçündür. Quranın ölüyə oxunmasından daha acınacaqlı hal isə bunun pulla edilməsidir. Hətta siz məzarlıqda “müştəri” üstündə dava edən mollaları da görə bilərsiniz. Kimisi 3 manatdan, kimisi 5 manatdan oxuyur. Allahın ayələrini ucuz qiymətə satırlar. Hələ orucluqda isə 30-40 manat qarşlığında Quranı bir dəfə “sifarişlə” tam oxuyurlar. Görək belələri üçün Allah nə buyurub:

Sizin əlinizdəkini təsdiqləyici olaraq göndərdiyimə (Qurana) iman gətirin və onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi dəyər-dəyməzinə satmayın və yalnız Məndən qorxun! (Bəqərə surəsi, 41)

Belələrinin cavabını Allah bu ayədə verib. Əgər bu ayəni oxuyub yenə də bildiklərini edirlərsə, onda onlara ölüyə oxuduqları Yasin surəsindən bir ayə gətirim.

Sizdən heç bir muzd istəməyən və doğru yolda olan bu kimsələrə tabe olun!” (Yasin surəsi, 21)

Quranda belə misallar onlarcadır, hətta Allahın rəsuluna dəfələrlə soruşurlar ki, bəlkə dini təbliğ etməyin müqabilində nə isə muzd istəyirsən? Qısası İslamı təbliğ, Quranı oxumaq müqabilində alınan pullar halal deyil. Dindən qazanc güdənlər ancaq bu dinin düşmənləri ola bilər və qurana görə onlar münafiqlərdir.

İndi isə bəzi ayələrə baxaq. Görək Peyğəmbərimiz Quranı təbliğ qarşılığında nə isə alıbmi?

Yoxsa sən onlardan bir ücrət tələb edirsən və buna görə onlar ağır bir borc yükü altındadırlar?! (Qələm surəsi, 46)

De: “Mən sizdən heç bir əvəz istəmirəm, o sizin olsun. Mənim mükafatım yalnız Allaha aiddir. O, hər şeyə şahiddir”. (Səba surəsi, 47)

(Ey Peyğəmbər!) Yoxsa sən onlardan bir mükafat tələb edirsən?! Rəbbinin mükafatı daha yaxşıdır. O, ruzi verənlərin ən yaxşısıdır. (Muminun surəsi, 72)

Halbuki bunun əvəzində onlardan heç bir şey istəmirsən. O (Quran), aləmlər (insanlar) üçün yalnız bir öyüddür. (Yusif surəsi, 104)

(Ey Peyğəmbər!) De: “Bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Mən, (Quranı) özümdən uydurmamışam. (Sad surəsi, 86)

De: “Mən bunun müqabilində sizdən heç bir əvəz istəmirəm. Yalnız Rəbbinə doğru bir yol tutmaq istəyən kimsələr olmalarını istəyirəm”. (Furqan surəsi, 57)

Digər Elçilərin dini təbliğ müqabilində muzd almaması bu ayələrdə öz əksini tapmışdır: Şuəra 109, Şuəra 127, Şuəra 145, Şuəra 164, Şuəra 180. Ayələrdən də göründüyü kimi, Quran ancaq dirilər üçün hidayət mənbəyidir. Quranı oxumaq, öyrətmək, yaymaq müqabilində muzd almaq olmaz. Əgər Allahın Rəsulu bunu etməyibsə, heç bir mollanın, şeyxin, imamın da bunu etməyə haqqı yoxdur.

Onlar az bir dəyər (fani dünya malı) müqabilində Allahın ayələrini satdılar. Sonra da (insanları) Allahın yolundan döndərdilər. Onların etdiyi əməllər necə də pisdir! (Tövbə surəsi, 9)