Quran anlaşılandır və Allah tərəfindən asanlaşdırılıb

Bəzən məzhəbçi, təriqətçilərlə söhbət edərkən belə bir situasiya ilə rastlaşmaq olar

Bəzən məzhəbçi, təriqətçilərlə söhbət edərkən belə bir situasiya ilə rastlaşmaq olar. Quran çətindir, sən anlamazsan, mütləq hansısa şeyxə, mollaya, mənsub olduğun məzhəbin imamına müraciət etməlisən ki, səni başa salsın. Əgər insan nəticədə nəyisə anlayırsa deməli elə birbaşa Quranın özündən də anlaya bilər. Sadəcə sıravi müsəlmanları panikaya salaraq, onları Qurandan uzaq tutmağa çalışırlar. Qurandan əlavə onlarla məzhəb kitabı, hədis, elmihallar oxudurlar amma İslamın tək mənbəyi Qurana gələndə deyirlər ki, sən anlamazsan. Çünki, bu bir həqiqətdir ki, əgər müsəlmanlar Qurana yönəlsələr həqiqəti görəcəklər və yalançı mollalar, şeyxlər, imamlar gəlir mənbəyini itirəcəklər. Allah Quranı kənara qoyub başqa mənbələr axtaranlara və keçmiş kitabları dəyişdirənlərə belə deyir:

“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?” (Məhəmməd surəsi, 24)

Aşağıdakı digər ayələri yazaraq Quranın mubin (açıq-aydın) olduğunu və Allah tərəfindən açıqlanıb asanlaşdırılmasını göstərəcəyəm, inşaAllah.

“Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.” (Ənam surəsi, 55)

“…Bu, ayələri hikmət sahibi, hər şeydən agah olan Allah tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki, siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm.” (Hud surəsi, 1-2)

“…Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.” (Hicr surəsi, 1)

“Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” (Qəmər surəsi, 17, 22, 32, 40)

“Ey insanlar, sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur endirdik.” (Nisa surəsi, 174)

“Ey Kitab əhli, artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən rəsulumuz gəlmişdir. Artıq sizə Allahdan bir nur və açıq-aydın bir Kitab gəldi.” (Maidə surəsi, 15)

“…Bu, açıq-aydın Kitabın ayələridir.” (Yusuf surəsi, 1)

“Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və mütəqqilər üçün öyüd-nəsihət nazil etdik.” (Nur surəsi, 34)

I … “Biz açıq-aydın ayələr nazil etdik. Allah diləyəni doğru yola yönəldir.” (Nur surəsi, 46)

“Bunlar aydın Kitabın ayələridir.” (Şüəra surəsi, 2)

“…Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.” (Nəml surəsi, 1)

“Bu, açıq-aydın Kitabın ayələridir.” (Qasas surəsi, 2)

“Bu aydın Kitaba and olsun.” (Zuxruf surəsi, 2)

“Və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir rəsul göndərmişdir. Hər kəs Allaha iman gətirib saleh əməl işləsə, Allah onu içində əbədi qalacağı ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi nəsib etmişdir.” (Talaq surəsi, 11)

Bunlardan əlavə Quranın müfəssəl, təfsilatlı izah edilmiş olduğu digər ayələr də var: (Ənam surəsi, 97-98, Ənam surəsi, 119, Ənam surəsi, 126, Əraf surəsi, 32, Əraf surəsi, 52, Əraf surəsi, 174, Tövbə surəsi, 11, Yunis surəsi, 5, Yunus surəsi, 24, Yunus surəsi, 37, Yusuf surəsi, 111, Rad surəsi, 2, İsra surəsi, 12, Rum surəsi, 28, Fussilət surəsi, 3, Fussilət surəsi, 44).

Quranın açıqlanmış olduğunu göstərən surədə var: Fussilət surəsi, 41

Buradan da aydın olur ki, Allah Quranı asanlaşdırıb, açıq-aydın kitab halında endirib. Hz Məhəmməd (s) də bu aydın ayələri insanlara çatdırıb.