Quran Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim isimlərinin üstün təcəllisidir. İnsanların əsl dini öyrənəcəyi tək mənbə Qurandadır. Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmətə sahib olan Uca Allahın sözüdür. Quranın Rəbbimizin bizə rəhməti olduğu ayədə belə bildirilir:
(Bu Quran) Rəhman və Rəhim olan Allah tərəfindən nazil edilmişdir. Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır. (Fussilət surəsi, 2-3)
Biz Kitabı (Quranı) sənə yalnız ixtilafda olduqları məsələləri onlara izah etməyin üçün və möminlərə hidayət və rəhmət olsun deyə nazil etdik. (Nəhl surəsi, 64)
…Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)
Həqiqətən, Biz onlara iman gətirən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab gətirdik. (Əraf surəsi, 52)
Allahın insanlara açıqlayıcı kitablar endirməsi və hökmlərini bildirib Zatını tanıtması, bilmədiklərini ən doğru olaraq Öz sözü ilə və hikmətlə bildirməsi insanlar üçün böyük rəhmətdir. İnsanlara endirilən mübarək kitablar təhrif edildikdə, Allah yeni elçilər göndərib, ancaq Peyğəmbərimizə vəhy etdiyi Quranın qiyamətə qədər qorunacağını bildirib.
Ən son İlahi kitab olan Quranın Allahın nəzarətində olması da insanlar üçün rəhmətdir. Ənam surəsində belə buyurulur:
Yaxud da: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”, – deməyəsiniz deyə (Quranı nazil etdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və rəhmət gəlmişdir. Allahın ayələrini yalan sayaraq onlardan üz çevirən kəsdən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri, üz döndərdiklərinə görə ən pis əzabla cəzalandıracağıq. (Ənam surəsi, 157)
Quran hər insanın başa düşdüyü, sadə üsluba və bənzərsiz hikmətə sahib olan bir kitabdır.
Allah Quranı insanların öyrənmələri, oxuyub başa düşmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib Ondan qorxmaları kimi bir çox hikmətlə endirib. İstər dünya həyatı, istərsə də axirət həyatı ilə bağlı mövzular Quranda ən hikmətli şəkildə izah edilib.
Allah “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirir. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” (Ənam surəsi, 38) ayəsində də bildirdiyi kimi, Quranda bir insanın vicdanla axtardığı bütün sualların cavabı var.
Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)
Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)
Özünə rəhbər kimi Quranı seçən insanın həyatı digər insanlardan çox fərqli olur. Məsələn, bu insan sıxıntı, narahatlıq, qorxu, ümidsizlik, bədbinlik kimi ruh hallarından uzaqdır, ya da bir çətinlik qarşısında təlaşlanmaz. Çünki hər anında Allahın ayələri onun üçün yol göstəricidir. Qarşılaşdığı hər hadisəyə mütləq Allahın hökmləri ilə qarşılıq verir.
Aldığı hər qərar, dediyi hər söz, etdiyi hər iş Quran əxlaqını yaşadığının göstəricisidir. Buna görə də vicdanı həmişə təmiz olur və bunun gətirdiyi mənəvi rahatlıq ilə yaşayır. Allahın Quran əxlaqını yaşayanlara rəhmətindən bəxş etdiyi bu gözəl ruh halı, rahatlıq və sevinc möminlər üçün çox böyük nemətdir. Beləliklə, Rəbbimiz Yunis surəsində Quranın “şəfa” olduğunu belə bildirir:
Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. (Yunis surəsi, 57)
Allah Quranda doğrularla səhvləri çox aşkar bildirib. Buna görə də, vicdanın səsini dinləyib nəfsin eqoist arzularından uzaq duran, Allahın hökmlərinə uymaqda qərarlı olan hidayət əhli insanlar üçün doğrunu tapmaq çox asandır. Quran hər yaşdan, hər səviyyədə təhsili olan insanın rahat şəkildə başa düşəcəyi, öyüdlərini anlayacağı hikmətlərlə dolu olan bir kitabdır. Qurandakı hökmlər və ayələrlə tövsiyə edilən gözəl əxlaq çox aydın və asandır.
Allahın hidayət verdiyi, səmimi niyyətli hər insan Quranda deyilənləri rahatlıqla anlaya bilər və anladıqlarını bütün hərəkətlərində və düşüncələrində ən gözəl tərzdə tətbiq edə bilər. Bu da Allahın Rəhman və Rəhim isimlərinin çox üstün təzahürüdür. Allah Quran haqqında belə ifadə işlədir:
İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan… (Bəqərə surəsi, 185)
Allah yaratdığı insanın fitrətinə uyğun olan Quran əxlaqı ilə mərhəmətini, şəfqətini və sonsuz rəhmətini bizlərə göstərir. Fitrətinə uyğun davranmayan, Quran əxlaqını yaşamayan hər insan mənəvi sıxıntı içində yaşayır.
Ancaq sadəcə Allahdan qorxub çəkinənlər, Ona qəlbən təslim olanlar, axirət həyatını dünyadan üstün tutanlar Qurandan öyüd alıb düşünürlər. Allah başqa ayələrdə də belə buyurur:
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). (Taha surəsi, 2-3)
Bu mövzu eyni zamanda Quranın əhəmiyyətli bir sirridir. Quranı anlamaq üçün üstün zəkaya, ya da qabiliyyətə deyil, səmimi niyyətə sahib olmaq kifayətdir. Çünki insana hər şeyi öyrədən Rəhman olan Allahdır. Allah səmimi qullarına doğru yolları göstərir, onların Quran əxlaqını yaşamalarını və xilas olmalarını təmin edir.
Quran bütün insanlar üçün göndərilən kitabdır, amma sadəcə Allahdan qorxan, axirət gününə iman gətirən möminlər üçün hidayət vəsiləsi olur. Bu da Allahın iman gətirən qulları üzərindəki şəfqətinin dəlillərindəndir. Bu mövzu ilə bağlı ayələrdən bəziləri belədir.
(De:) “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. (Ənam surəsi, 114)
De: “Onu Müqəddəs Ruh iman gətirənlərə səbat vermək, müsəlmanları doğru yola yönəltmək və onlara müjdə vermək üçün Rəbbinin dərgahından haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102)
Bu, hikmətli Kitabın ayələridir. Xeyirxah əməl sahiblərinə doğru yolu göstəricisi və rəhmətdir. (Loğman surəsi, 2-3)
Ayələrdə bildirildiyi kimi, Quran bütün bəşəriyyət üçün öyüd, səmimi müsəlmanlar üçün də hidayət rəhbəridir. Üstün hikmət keçmişdən, gələcəkdən verdiyi həqiqi məlumatlar, insanlardakı qəfləti aradan qaldıran bənzərsiz kitabdır. Quranın bu təsiri vəhy edilən gündən qiyamətə qədər yaradılmış və yaradılacaq bütün insanlara aiddir. İmanlı insan hər vəziyyətdə və qarşılaşdığı hər hadisədə Quranın hökmlərinə uyğun qərarlar verir.
Quran Furqan xüsusiyyəti ilə möminin doğrunu yanlışdan ayırmasına və ən xeyirli qərarı verməsinə vəsilə olur. Allah ayədə belə bildirir:
…Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir… (Bəqərə surəsi, 256)
Buna görə də, iman gətirən insan Quran əxlaqı ilə cahil həyat arasında orta yol axtarmağa çalışmır və qəti olaraq sadəcə Qurana, yəni ən doğru olana uyur.
Quranın Allahın Rəhman və Rəhim sifətinin təzahürü, möminlərə qarşı sonsuz şəfqətinin dəlili olduğunu bilir. Allah ayələrdə möminlərə Quran əxlaqına möhkəm sarılmağı buyurur:
Odur ki, sən özünə vəhy olunan (ayələrə) sarıl! Əslində, sən düz yoldasan. Doğrusu, bu (Quran) sənin üçün və sənin xalqın üçün bir şərəfdir… (Zuxruf surəsi, 43-44)
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. (Bəqərə surəsi, 2)

