Quran Allah sözüdür

Quran, Allahın bütün insanlara xəbərdaredici və öyüd verici olaraq endirdiyi, qiyamətə qədər (2)

Quran, Allahın bütün insanlara xəbərdaredici və öyüd verici olaraq endirdiyi, qiyamətə qədər keçərli olan yeganə haqq kitabdır. Qurandan əvvəl göndərilən kitablar insanlar tərəfindən təhrif edilmişdir. Ancaq Quran, Allah tərəfindən qorunmuşdur. Bu həqiqət “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.” (Hicr surəsi, 9) ayəsiylə xəbər verilmişdir.

Quran haqqında ağılsızların irəli sürdükləri əsassız iddiaların ən geniş yayılmışlarından biri də, mübarək Peyğəmbərimiz hz. Məhəmmədin, Quranı Tövrat və İncildən ilham alaraq yazdığı yalanıdır. Bu, tamamilə xəyali və heç bir əsası olmayan iddiaya görə Quran ilə bu kitablar arasındakı bəzi oxşarlıqları göstərərlər.

Halbuki oxşarlıqların olması olduqca təbii bir haldır. Çünki hamısı (Tövrat və İncilin təhrif edilmiş hissələri istisna olmaqla) Uca Rəbbimiz Allahın sözüdür. Allahın hər dövrdə göndərdiyi dinlərdə, Allahın varlığı, birliyi, Allahın sifətləri, axirət inancı, iman gətirənlərin, inkar edənlərin, münafiqlərin xüsusiyyətləri, əvvəlki ümmətlərin vəziyyəti kimi əsas mövzular, verilən öyüd-nəsihət və çəkindirilən xüsuslar, əxlaqi meyarlar eynidir.

Bunların bəziləri musəvilik və xristianlıqda olduğu kimi, daha sonra təhrif edilmişdir. Quranın əsasında araşdırdıqda isə hansı hissələrin təhrif edildiyi, hansı hissələrin təhrif edilmədən qaldığı asanlıqla aydın olar. Bu səbəbdən də, əvvəlki kitablarda çatdırılan mövzularla Quranda izah edilənlər arasında oxşarlıq və paralellik olması heç də irad tutulacaq bir vəziyyət deyildir. Allah ayədə bu şəkildə bildirir:

Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır. Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi? (Şuəra surəsi, 196-197)

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı buyurduq. (Nisa surəsi, 131)

Həmçinin, Rəbbimiz Quranın, həqiqi Tövrat və İncili təsdiqləyici bir kitab olduğunu da bildirir:

Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. (Maidə surəsi, 48)

Özündən əvvəlki kitabları təsdiqləmək xüsusiyyəti təkcə Qurana deyil, digər haqq kitablara da verilmişdir. Hz. İsaya göndərilən İncil də, özündən əvvəl hz. Musaya endirilən Tövratı təsdiqləyir. Bu həqiqət Quranda belə xəbər verilir:

Onların ardınca Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik. (Maidə surəsi, 46)

Bu, Allahın bir qanunudur və bu qanun əlbəttə ki, Quran üçün də keçərlidir. Quranda, digər İlahi dinlərin kitablarında yer alan ortaq mövzuların bir hissəsindən bəhs edilmişdir. Həcc surəsinin 26-cı və 27-ci ayələrində həcc ibadətinin hz. İbrahimlə başladığı, Ənbiya surəsinin 72-ci və 73-cü ayələrində namaz və zəkatın Peyğəmbərimizin dövründən əvvəl də fərz buyrulduğu, Muminun surəsi 51-ci ayədə digər elçilərə də saleh əməllər etməyinin əmr edildiyi bildirilmişdir. Ayələrdə belə buyrulur:

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” – demişdik. İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun düşmüş dəvələr üstündə gəlsinlər. (Həcc surəsi, 26-27)

Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik. Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. (Ənbiya surəsi, 72-73)

Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! (Müminun surəsi, 51)

Bura qədər izah etdiklərimizdən, nə üçün Quranla əvvəlki kitablar arasında oxşarlıqların olduğu və bunun nə qədər normal bir hal olduğu asanlıqla aydın olur. Buna görə də, bu oxşarlıqların olması Quranı Peyğəmbərimizin yazmadığını, əksinə bütün İlahi dinlərin kitablarının Allahın sözü olduğunu sübut edir. Bu da həm Quranda bildirilən, həm də ağıl və məntiqin təsdiq etdiyi bir həqiqətdir.

Allah, Quranın Öz Qatından endirilmiş haqq kitab olduğunu və bu həqiqəti başa düşə bilməyən insanların vəziyyətini ayələrində belə xəbər vermişdir:

Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir. Yoxsa: “Məhəmməd onu özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!” Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu. (Yunis surəsi, 37-39)