Qızıl və ipəyin qadağan olduğu iddiası əsassızdır

Kişilərə qızıl və ipək qadağan edən uydurma

Rəsulullah (s) bir ovcuna bir az ipək, o biri ovcuna da bir az qızıl götürüb buyurdu ki, bu iki şey ümmətimin kişilərinə haramdır. (Tirmizi)

Xurafatçılar kişilərə qızıl və ipəyi qadağan ediblər, buna görə də yuxarıdakına bənzər bir çox hədis uydurublar. Halbuki Quranda qızıl və ipəyin qadağan olunduğuna dair heç bir ayə yoxdur. Əksinə olaraq, qızıl da, ipək də bir çox ayədə cənnət neməti olaraq tanıdılır:

Məhz onlar üçün altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, ipək və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! (Kəhf surəsi, 31)

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)

Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır. (Fatir surəsi, 33)

Peyğəmbərimiz hz. Məhəmməd (s) dövründə ipək parçaların istifadəsinə dair hədislər mövcuddur:

Buxarada ağ qatırın üstündə başında qara rəngdə ipək sarıq olan adam gördüm. Deyirdi ki, bunu mənə Rəsulullah geyindirib. (Sünəni-Əbu Davud, 14/112)

Əbu Davud deyir ki, Rəsulullahın (s) səhabələrindən iyirmi nəfər, yaxud daha çoxu ipək geyinib. Ənəs və Bəra ibn Əzib bunlardan idi. (Buxari, Əşribə 6; Sünəni-Əbu 14/112-113)

Müsəlmanların gözəl geyimi və gözəlliyə layiq olduğu həqiqəti, göründüyü kimi, Peyğəmbərimizin (s) sünnəsində də var. Çünki Quranda təriflənən bir neməti Peyğəmbərimiz sevib təşviq etmişdir. Yuxarıda verdiyimiz saxta hədisin uydurma olduğunun ən böyük sübutu odur ki, Quranda heç bir şəkildə keçməyən bir əməli Peyğəmbərimizin izahı kimi verməyə çalışıblar. Belə bir şeyin olması qətiyyən mümkün deyil.

Qızıl zinətdir. Daha əvvəl də açıqladığım kimi, Allah Quranda zinətlərin gözəlliyini tərifləmişdir. “Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın” (Əraf surəsi, 31) ayəsində olduğu kimi, müsəlmanları gözəl zinətlər üçün təşviq etmişdir.

Əraf surəsində dünyada zinətlərin qadın və ya kişi ayrı-seçkiliyi olmadan hər kəsə halal olduğu bildirilir:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında iman edənlərə, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)