Axırzaman anlayışı bir çox insan üçün tanış anlayış olmaya bilər. Buna görə də, əvvəlcə bu anlayışı qısaca açıqlamaqda fayda vardır. Axırzaman “son dövr” mənasını verir və İslama görə qiyamətə yaxın bir zamanda Quran əxlaqının hakim olacağı və dinin insanlar arasında geniş şəkildə yaşanacağı bir dövrü ifadə edir.
Bu dövrdə insanların hüzur və arxayınlıq içində yaşaya bilmələri üçün lazım olan hər cür şərait mövcud olacaqdır. Əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin yerini bolluq, bərəkət və ədalət alacaqdır. Əxlaqsızlıqlar, saxtakarlıqlar, degenerasiyanın hər növü ləğv ediləcəkdir. Bu dövr bütün inanan insanların əsrlərdir həsrətini çəkdiyi, İslam əxlaqının hakim olduğu mübarək bir dövrdür.
Peyğəmbərimizin hədislərində Axırzamanı açıqlayan ətraflı izahatlar yer alır. Onun ardınca bir çox İslam qabaqcılları da Axırzaman haqqında çox əhəmiyyətli açıqlamalar etmişlər. Bu izahatlara baxdıqda Axırzamanın əvvəlcə dünyanın böyük pozulma və qarışıqlıq yaşadığı, ancaq sonradan həqiqi dinin yaşanması ilə qurtuluşa çatdığı, çox böyük bolluq və bərəkətin yaşandığı, texnologiyanın bütün nemətlərinin insanların xidmətinə təqdim edildiyi, elmdə, tibdə çox böyük inkişafların olacağı və çox üstün bir incəsənət anlayışının yaşandığı bir dövr olduğu görünür.
Axırzamanın ilk dövrlərində dünya Allahı inkar edən bir sıra fəlsəfi sistemlərə görə degenerasiya olacaqdır. İnsanlıq yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma yaşanacaqdır. Böyük fəlakətlər bir-birini izləyəcək, müharibələr, əzablar yaşanacaq və insanlıq “necə xilas olacağıq?” sualının cavabını axtaracaqdır. Ancaq Allah Axırzamanın bu böyük qarışıqlığı içindəki insanları qurtaracaq və onları mübarək bir dövrə çatdıracaqdır. Əslində belə bərəkətli bir dövr Quran əxlaqını yaşayan hər birlik və hər dövr üçün keçərlidir. Allah, qorxub çəkinən və Quranda bildirdiyi əmrlərinə tam dəqiq əməl edən qullarına hər zaman çox böyük nemətlərlə cavab vermiş, onları bolluq içində yaşatmışdır.
Bu izah etdiklərimiz Peyğəmbərimiz tərəfindən 14 əsr əvvəl deyilən sözlərdə və bir çox İslam alimlərinin yazılarında ətraflı olaraq izah edilir. Bu qaynaqların bizə doğru olaraq çatıb-çatmadıqlarından, məsələn, Peyğəmbərimizin bu mövzudakı hədislərinin həqiqətdə onun tərəfindən deyilmiş sözlər olduğundan şübhə etməyə gərək yoxdur. Çünki bizə bu mövzuda yol göstərən əhəmiyyətli bir həqiqət vardır. Hədislərdə Axırzaman haqqında ətraflı təsvirlər edilir, hər mövzu çox geniş izah edilir. Bu detalların bundan 14 əsr əvvəl bu qədər geniş bir şəkildə açıqlanması və müəyyən bir dövr içində ard-arda bunların reallaşması son dərəcə möcüzəvi vəziyyətdir. Və bu sözlərin qaynağının doğruluğu mövzusundakı bütün şübhələri ortadan qaldırar.
Qaldı ki, İslam əxlaqının dünyada hakim olması, ya da hz. İsanın yenidən yer üzünə dönüşü kimi Axırzamanla əlaqədar bəzi məlumatlar, birbaşa Quranda xəbər verilir və bu səbəbdən doğru olması qətidir. Allah ayələrində inanan qullarına İslam əxlaqının yer üzündə hakim olacağını müjdələyir:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)
Peyğəmbərimizin dilindən olan bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. Məhz Axırzaman olaraq bəhs etdiyimiz dövr Quran əxlaqının hakim olacağı bu dövrdür. “Qızıl dövr” adıyla da bilinən bu dövr hədislərdən də aydın olduğu kimi yarım əsrdən çox sürəcək “Əsri-səadət”ə bənzər bir dövr olacaq. Peyğəmbərimizin bu dövrü təsvir edərkən cənnət bənzəri xüsusiyyətlərlə izah etməsi səbəbi ilə bu dövrə “Qızıl dövr” adı verilməsinə səbəb olmuşdur.
Hər növ məhsul və mal bolluğu, təhlükəsizlik, arxayınlıq və ədalətin təmini, hüzur və səadət, hər cür texnoloji inkişafın insanlar üçün əlverişliliyi, rahatlığı, sevinci və dincliyi üçün istifadə edilməsi, ehtiyacı olanların qalmaması, istəyənə istədiyindən sayılmadan, qat-qat çox verilməsi, bu dövrün müəyyən xüsusiyyətlərindəndir. Hədislərdə, o dövrdə, “silahların susacağı”nın bildirilməsi, bu dövrdə yer üzünün əmin-amanlıqla dolacağının müjdəsidir. Qızıl dövrdə, əvvəldən aralarında münaqişə olan xalqlar arasında çox böyük qardaşlıq yaşanacaq, hər cür döyüşün yerini sülh, dostluq və sevgi alacaq.
Texnoloji nailiyyətlər Axırzamanda artacaq, insanlar texnologiyanın bütün nemətlərindən geniş istifadə edəcəklər. Tibdə, əkinçilikdə, ünsiyyətdə, sənaye texnologiyasında, nəqliyyatda çox böyük inkişaflar yaşanacaq, daima yeni kəşflər ediləcək. Hər yeni kəşf bir başqasına liderlik edəcək, inkişaflar çox böyük sürət qazanacaqdır.
İncəsənətdə çox böyük irəliləyişlər müşahidə olunacaq, musiqidə, teatrda, rəssamlıqda bir-birindən gözəl əsərlər ortaya çıxacaq, Allaha olan imanın insanlara verdiyi geniş üfüq və dərin düşüncə, bütün incəsənət sahələrinə liderlik edəcək. İnsanlar Qızıl dövrdə həyatından o qədər məmnun olacaqlar ki, bir hədisin ifadəsinə görə “zamanın necə keçdiyinin fərqinə varmayacaqlar, bu gözəlliklərdən daha çox faydalanmaq üçün Allahdan ömürlərinin uzadılmasını” istəyəcəklər. Peyğəmbərimizin bir başqa sözündə Axırzamandakı mühit bu şəkildə təsvir edilər:
“… Kiçiklər “kaş ki, mən böyük olaydım“, böyüklər də “kaş ki, mən kiçik olaydım” deyə dua edərlər… Yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edilər.” (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)

