Qiyamət günü inkar edənlərin vəziyyəti necə olacaq?

Qiyamət günü insanın yaşaya biləcəyi ən dəhşətli, ən qorxulu gündür. Həmin gün inkar edənlər, özlərinə vəd edildiyi halda üzərində düşünmədikləri bir həqiqəti açıq-aydın qarşılarında görəcəklər. Lakin artıq insanların dünyada etdiklərini düzəltmək üçün geri dönüş imkanı olmayacaqdır. O gün inkar edənlər qorxu içində anlayacaqlar ki, ölüm yox olmaq deyil, əksinə, sonsuz davam edəcək bir əzabın başlanğıcıdır. Allah Quranda o gün insanların yaşadıqları qorxunun şiddətindən sanki sərxoş kimi olacaqlarını bildirir:

… Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir. (Həcc surəsi, 2)

Qiyamət günü inkar edənlərin, yaşadıqları dəhşət səbəbilə, bütün dəyər meyarları bir anda dəyişəcəkdir. Ən çox dəyər verdikləri mallar, ən qiymətli saydıqları övladlar belə birdən-birə bütün əhəmiyyətini itirəcəkdir. Allah Quranda insanların o gün yalnız özlərini xilas etməyə çalışacaqlarını və bir-birindən qaçacaqlarını xəbər vermişdir:

O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, zövcəsindən və övladlarından. O gün onlardan hər birinin yetərincə işi olacaq. (Əbəsə surəsi, 34-37)

Həmin gün insanların içində olacaqları vəziyyətlə bağlı ayələrdə qeyd olunan bəzi məqamlar belədir:

… Haqq olan vəd (qiyamət günü) yaxınlaşdığı zaman birdən kafir olanların gözləri bərələr… (Ənbiya surəsi, 97)

Onu gördüyün gün hər bir əmzikli qadın əmizdirdiyi uşağı unudar. Hər bir hamilə qadın uşağını salar. Sərxoş olmadıqları halda insanları sərxoş kimi görərsən. Ancaq Allahın əzabı çox şiddətlidir. (Həcc surəsi, 2)

Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?! (Müzzəmmil surəsi, 17)