İnsanların çoxu ətrafındakı insanların bir səhvini və ya çatışmazlığını gördükləri zaman refleks olaraq əsəbiləşirlər. Əlbəttə, səhvlər xatırladılmalı və düzəldilməyə çalışılmalıdır. Əgər insanın bu səhvi ehtiyatsızlığından, düşüncəsizliyindən, iradəsizliyindən, məsuliyyətsiz davranmasından və ya əhəmiyyət verməməsindən qaynaqlanırsa, bir daha təkrarlanmaması üçün bu mövzuda bütün tədbirlər görülməlidir. Ancaq bu həqiqətlər heç vaxt unudulmamalıdır:
- Əvvəla, bir insana səhv etdirən Allahdır. Allah dilədiyi üçün o insan səhv hərəkət edir. O insan həmin an taleyində təqdir edilənə tabedir. Bu, kimliyindən asılı olmayaraq, səhv qarşısında əsəbiləşməmək üçün kifayətdir.
- İkincisi, Allah insanı səhv edəcək şəkildə yaratmışdır. Bunu unudub görməməzlikdən gəlmək doğru olmaz. Əlbəttə, hər insan həyatında mütləq kiçik və ya böyük bir çox səhvlər edəcəkdir. İnsan nə qədər tədbirli davransa da, nə qədər iradə göstərsə də, Allahın təqdir etdiyi reallığın qarşısını ala bilməz. Buna görə də, səhv edən insana əsəbiləşməmək vacibdir.
- Üçüncüsü, birində səhv gördüyü zaman əsəbiləşən insan özünün də tez-tez səhv etdiyini unutmamalıdır. Onun səhvləri də başqalarını narahat edir. Ancaq insan heç vaxt ona kiminsə əsəbiləşməsini istəmir. Əgər insan özünə qarşı belə rəftar edilməsini istəmirsə, onu incidən, narahat edən davranışı başqalarına qarşı da etməməlidir. Özü belə vəziyyətdə olanda səbəblərinin olduğunu düşünür və ətrafındakıların ona şəfqətlə, sevgi və anlayışla yanaşmalarını istəyirsə, o da başqalarına eyni münasibəti göstərməlidir.
- Dördüncüsü, Allah insana bağışlamağı, mülayim, şəfqətli və mərhəmətli olmağı əmr etmişdir. Deməli, həyatda hər insanın qarşısına bu əxlaqı göstərməli olduğu insanlar və hadisələr çıxacaq. Əgər insanın ətrafındakı hər kəs mükəmməl və qüsursuz olsaydı, onun bu əxlaqı göstərmək kimi bir məsuliyyəti də olmazdı. Lakin Allah insanları qüsurlu yaratmış və bir-birlərinə qarşı bu əxlaqı göstərərək bir-birlərinin qüsurlarını örtmələrini əmr etmişdir…
I …Bir səhvi səhv olduğunu bilə-bilə, qəsdən etmək Quran əxlaqına uyğun olmayan və Allahın bəyənmədiyi bir əxlaqdır. Əgər insan vicdanının ona doğrunu göstərməsinə baxmayaraq, şüurlu şəkildə yanlış qərar verirsə, bu, Allah qatında o insana çox böyük məsuliyyət yükləyən bir davranışdır. Belə bir vəziyyətdə insanlar bu şəxsə acıqlanmasalar belə, Allah bu əxlaqın əvəzini ona verəcək. Ancaq, əlbəttə, möminlər də Allahın bəyənmədiyi bir davranışa qarşı “Qurani büğz hissi” keçirərlər. Bu da onların imanlarını və Quran əxlaqını yaşadıqlarını göstərər.
- Əgər insan düşünmədiyi, ağlına gəlmədiyi, unutduğu üçün və ya təcrübəsizliyindən, məlumatsızlığından, anlaşılmazlıqdan səhv edərsə, bu halda o insana şəfqətlə, mərhəmətlə və gözəl əxlaqla doğrunu göstərmək lazımdır.
- İnsan səhv edirsə, lakin bu vəziyyətə aydınlıq gətirmək istəyirsə, bu insanı dinləmədən haqqında tez qərar vermək və acıqlanmaq doğru olmaz. Göstərdiyi səbəblər bu insanın səhvinin bağışlanması üçün vacib ola bilər. Bu vəziyyətdə insanın sırf nəfsi təşviq etdiyi üçün ürəyində həmin insana acıqlanması Quran əxlaqına uyğun olmaz.
- Eyni zamanda, insan qarşısındakı şəxsin sözlərinə əsasən bir qənaətə gələ bilər. Ancaq, əlbəttə ki, qəlbində həqiqətən qəsd olub-olmadığını bilməz. Bu vəziyyətdə də insan Quran əxlaqına uyğun düşünməli, hüsnü-zənn etməlidir. Çünki mömin üçün əsas olan qarşı tərəfin sözü və hərəkətləridir. İnsanların qəlbində olanı isə yalnız Allah bilir. Buna görə də, əgər mömin qarşısındakı insanın səhvinə görə açıqladığı səbəblərdə səmimiyyət və haqlılıq görürsə, ona mütləq etimad göstərməlidir. Bunun nəticəsində də, qəsdən edilməyən səhv olanda o insanı bağışlamaq və mərhəmətlə yanaşmaq lazımdır. Mömin bu vəziyyətə acıqlanmaqdan Allaha sığınmalıdır.

