İnsan, pis düşüncəli və birtərəfli olaraq Qurana yaxınlaşdıqda onu başa düşməsi mümkün deyildir. Bu, Allahın bir qanunudur. Bir insan nə qədər ağıllı, nə qədər mədəni olursa olsun, səmimiyyətsiz və xurafat məlumatları ilə Quranı oxuduqda onu lazım olduğu kimi başa düşə bilməz, doğru şərh edə bilməz və bir çox ziddiyyətə düşər. Buna görə, Qurana qərəzli, riyakarcasına yaxınlaşan bir adamın bu pis niyyətli mövqeyi, ayələrdə bildirildiyi kimi “görünməz bir pərdə” yaradacaq. Bu da Quranı başa düşməsinə və dərk etməsinə maneə olacaqdır. Bu həqiqət, İsra surəsindəki ayələrdə belə ifadə edilir:
Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 45-46)
Quran bütün insanları doğruya çağıran bir dəvətdir, ancaq Quranı yalnız iman gətirənlər dərk edə bilərlər. Möminlərin Quranı başa düşmələrindəki ən əhəmiyyətli xüsusiyyətləri isə vicdan və səmimiyətləridir. Möminlərdən fərqli bir əhvali ruhiyyəyə və xarakterə sahib din əxlaqından uzaq insanların Quranı başa düşə bilməmələri də çox təbiidir.

