Hər insanın zehnində “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu gözəl əxlaqı görmək istəyir. Ancaq bəzi insanlar düşünmürlər ki, digərləri də onlarda eyni ideal insan modelini axtarırlar.
Hər kəs qarşı tərəfdə axtardığı ideal insan modelini görmək istəyir. Bu istəklər aşağıdakı xüsusiyyətlərdə təzahür olunur:
- Çox anlayışlı, fərasətli, ağıllı, qətiyyətli, sağlam xarakterli, vəfalı, dürüst olması;
- Əsla qəzəblənməyən, əsəbləşməyən, kobud danışmayan, güzəştə gedən, səbirli, bağışlayan, xoşməramlı;
- Çətin anlarda, sıxıntılı zamanlarda onu tək qoymayan, əlindən gələn köməyi edən, lakin əsla minnət qoymayan, çox fədakar, lazım gələrsə özünü belə düşünmədən fəda edən;
- Çox ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, hadisələri təfərrüatlı şəkildə görən, özünü qarşı tərəfin yerinə qoyub düşünən, vəziyyətdən anlayan;
- Özünə deyil, sevdiyinə üstünlük verən, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, istəklərini özününkündən üstün tutan;
- Özünün deyil, sevdiklərinin haqqını müdafiə edən, öz qürurunu, mənliyini deyil, qarşı tərəfi ön plana çəkən və hörmət edən;
İman gətirsə də, gətirməsə də, hər kəsin ruhunda bu cür mükəmməl insan axtarışı var. Ancaq insan əksər hallarda sadəcə özünün belə gözləntisi olduğunu düşünərək yanılır. Lakin bütün digər insanların da qarşılarındakı insanlarda bu xüsusiyyətləri axtardığını elə də düşünmür. Halbuki özü tam olaraq nələr gözləyirsə, qarşısındakı insanlar da ondan eyni əxlaqi xüsusiyyətləri gözləyirlər.
Nəfsdə eqoizm olduğuna görə, Quran əxlaqını lazımı qədər düşünməyən insanlar ancaq öz gözləntilərinə əhəmiyyət verirlər. İnsanlarla aralarında qarşılıqlı sevgi, hörmət, dostluq, yaxınlıq, etibar, sədaqət kimi dəyərlərin formalaşması üçün hər iki tərəfin bu əxlaqa uyğun davranmalı olduğunu düşünmürlər.
Özlərinin “məni anlasın”, “mənə olan sevgisində, hörmətində, etibarında qüsur olmasın”, “mənə qarşı mərhəmətli, dözümlü olsun”, “mənimlə davranarkən ən mülayim, ən çox rahatlıq verən, ən gözəl üslubdan istifadə etsin” kimi istəklərinə həddindən çox əhəmiyyət verirlər. Lakin ətrafdakı insanlar bunlardan sadəcə birini tələb etdikdə belə bunun lazımsız tələb olduğunu, özlərinin kifayət qədər yaxşı rəftar etdiklərini və buna baxmayaraq onlara şübhə ilə yanaşıldığını düşünürlər. Nəticədə lazımsız hesab etdikləri bu cür tələbləri yerinə yetirərkən çox könülsüz və ləng davranırlar. Həqiqətən qarşılarındakı insanların bu gözləntilərini haqlı hesab etsələr belə, bu təqdirdə də “qoy əvvəl o mənimlə o cür davransın, sonra mən ona istədiyi kimi davranaram” şəklində məntiq irəli sürürlər.
Bu, insanların eqoistliyindən qaynaqlanan yanaşma tərzidir. Halbuki insan necə insan axtarırsa, özü də eynilə o cür olmalıdır. Əgər o, öz davranışlarını doğru hesab edirsə, onda qarşısında da özü kimi insan olmasından narahat olmamalıdır. Məsələn, özü düşüncəsiz, nəzakətsiz, əsəbi, eqoist, sərt, anlayışsız insandırsa və fikrincə bu xüsusiyyətlərin bir zərəri yoxdursa, bu halda dost olacağı insanın da bu əxlaqa malik olmasını normal qarşılamalıdır. Lakin bu cür insan qarşısındakının bu xüsusiyyətlərə malik olmasını əsla istəməz. Halbuki əgər mərhəmət, anlayış, nəzakət, səbir kimi əxlaqi xüsusiyyətlərə əhəmiyyət verirsə, bu təqdirdə əvvəlcə özü bu əxlaqa uyğun davranmalıdır.
Bu mövzuya dair nümunələrə cəmiyyətdə tez-tez rast gəlmək mümkündür. Lakin cahil cəmiyyətdə hər insanın özünəməxsus qaydaları, əxlaq anlayışı, doğru və yanlışları olduğu üçün, ortaq qənaətə gəlmələri və nəticədə insanların axtardığı ideal insan modelinə nail olmaları mümkün olmur.
Lakin möminlər üçün vəziyyət çox fərqlidir. Bütün möminlərin yeganə ortaq ölçüləri var, bu da Qurandır. İnsanın nəfsindəki ideal insan modeli də Quranda izah edilən müsəlman əxlaqına yiyələnən şəxsdir. Ona görə də möminlərin axtardığı insan modeli Quranda izah edilən “ən təqvalı insan” modelidir.
Bir mömin qarşısındakı mömindən bu xüsusiyyətləri tələb etdikdə qarşı tərəfin bu istəklərə etiraz etməsi, əhəmiyyət verməməsi və ya bu tələbləri lazımsız hesab etməsi kimi hallar baş verməz. Çünki bunlar Quran əxlaqının tələbləridir.
Möminlərin ən mühüm xüsusiyyəti “ideal əxlaqı əvvəlcə başqalarından gözləməkdənsə, özlərinin həmin əxlaqa uyğun davranmalarıdır”. Mömin bunun özü üçün olduğu qədər başqaları üçün də mühüm ehtiyac olduğunu qavrayır və “ideal əxlaqın” xüsusiyyətlərini tam təfərrüatı ilə bilir. Bu amilləri dostluq münasibətlərində əhəmiyyətli görür, eyni şəkildə qarşısındakı insanların da onunla dost olmaq, ona etibar etmək, onu daha çox sevmək üçün onda bütün bu detalları axtaracağını bilir. Bunun nə qədər haqlı tələb olduğunu anlayaraq, Allah rizası üçün, özü ideal insan əxlaqına uyğun davranaraq digərlərinə nümunə olur. Bir insan Allah üçün Quranda bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri mənimsədikdə, Allah əvəzində ona ətrafındakı insanlarda da gözəllik, yaxşılıq və nemət yaradaraq lütf edir. Bu həqiqət bir ayədə belə müjdələnmişdir:
Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” – deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, – deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)
Bir insan Allahın razılığına uyğun, hər kəsin bəyəndiyi əxlaqa və gözəl davranışa malik olmaq üçün ağlını və iradəsini işə salmalıdır. Məsələn, pisliyə yaxşılıqla cavab verməlidir. Allah ayədə bu gözəl əxlaqı belə əmr etmişdir:
Yaxşılıq və pislik eyni deyildir. Pisliyi daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Hər gözəl şey ağılla əldə edildiyi kimi gözəl əxlaq və ideal insan modeli də ağıl, iradə və səbirlə qazanılır. Bunun üçün səmimi cəhd etmək, nəfsə səbirlə söz keçirmək lazımdır. Bu cür səy göstərilsə, insan gözəl əxlaqı və hər kəsin bəyəndiyi ideal insan modelinə ən mükəmməl şəkildə nail olar.

