Qaraciyərinizin bir hüceyrəsində 500 müxtəlif kimyəvi proses həyata keçir

Qaraciyərin 500 funksiyası

Qaraciyər orqanizmdə 500-dən çox müxtəlif funksiya icra edir. Məhz burada, dəri, ağciyər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan orqanizm üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr istehsal olunur. Qaraciyər qandakı müxtəlif molekulları bədənin ehtiyacına müvafiq olaraq parçalayır və ya formasını dəyişdirərək saxlayır. Faydalı maddələri yenidən qan vasitəsi ilə digər hüceyrələrə göndərir. Zərərli maddələr isə bir neçə prosesdən keçərək böyrəklərə ötürülür və buradan da süzülərək bədəndən xaric edilir. 1,5-2 kq ağırlığı olan “ət parçasının” qandakı bütün qida maddələrini qəbul edib müxtəlif kimyəvi reaksiyalardan keçirərək bədən üçün lazımlı elementlərə çevirməsi, sözsüz ki, yaradılış möcüzəsidir.

Qaraciyərin süngərəbənzər quruluşu da qanı tutub saxlamaq üçün yaradılmışdır. Belə ki, qaraciyər insan bədənindəki qanın 800-900 qramını tutub saxlamaq qabiliyyətinə malikdir. Ən maraqlısı isə budur ki, bu qədər qanı tutub saxlayan qaraciyər ağırlaşmasına baxmayaraq nə bədənə, nə də digər orqanlara heç bir zərər vermir, üstəlik funksiyalarını qüsursuz şəkildə yerinə yetirir.

Qaraciyər hüceyrələrinin xüsusi qabiliyyətləri

Qaraciyər bədənimizdəki qan dövranı, həzm sistemi, ifrazat sistemi kimi müxtəlif orqanların fəaliyyətlərindən də xəbərdardır. Məsələn, həzm sisteminə daxil olan yağların həll ola bilməyəcəyini əvvəlcədən müəyyən edən bu möcüzəvi “fabrik” yağları parçalayan maddə ifraz edir.

Bu yağların həzm edilməsi üçün vacib hesab edilən öd maddəsidir. Ancaq qaraciyər istehsal etdiyi ödü dərhal istifadə etmir, özündə saxlayır. Əmr gəldiyi zaman yağlı maddələrin üzərinə ifraz edir. Qaraciyər hüceyrələrinin “qabiliyyətləri” bununla məhdudlaşmır. Buradakı proseslər nəticəsində bəzi zərərli maddələr meydana gəlir. Qaraciyərin fəaliyyətinin səngiməməyi üçün bu zərərli maddələr təmizlənməlidir. Kapillyarlarının endotel hüceyrələri, digər adı ilə ulduzabənzər Kupfer hüceyrələri məhz bu funksiyanı yerinə yetirirlər. Kupfer hüceyrələri retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsizləşdirir). Əgər qan vasitəsi ilə qaraciyərə gələn zərərli maddələr Kupfer hüceyrələri tərəfindən zərərsizləşdirilməsəydi onda nə baş verərdi?

Bədənimizdə mütəmadi olaraq xəstəliklər baş qaldırar, immunitet sistemimiz sürətlə zəifləyərdi. Nəticədə özümüzü daima xəstə və yorğun hiss edərdik. Ancaq qaraciyərimizdəki bu qüsursuz sistem sayəsində bədənimizdə həyəcan təbili çalınmamış “qapıdakı polislər” bu zərərli maddələri tutub saxlayır və zərərsizləşdirirlər. İnsanın sağlamlığını qoruyan bu mükəmməl tədbir Allahın canlılar üzərindəki şəfqətinə bir nümunədir. Bu məlumatları oxuyan insan vicdanı, ağlı ilə yanaşdıqda belə bir nəticəyə gələcəkdir: sonsuz güc sahibi Allah tərifə layiq olan tək Varlıqdır.