Allah ayələrdə bütün insanları əvvəlcə zərr aləmində (qalu bəlada) yaratdığını bildirir. Bu isə Quranda təkamülün olduğunu iddia edənlərin yalanını üzə çıxaran həqiqətlərdən biridir.
Burada mühüm bir məqama diqqət etmək lazımdır. Allah hüzurunda topladığı bütün insanlardan: “Mən sizin Rəbbiniz deyiləmmi?” deyə soruşmuş, onlar isə: “Bəli (Rəbbimizsən), şahid olduq.” cavabını vermişlər. Zərr aləmindəki insanların bütün bədən üzvləri nöqsansız və qüsursuz olmuşdur. Danışmaq üçün dil və səs tellərinə, sualı eşitmək üçün qulaqlara, başa düşüb cavab vermək üçün isə mükəmməl beyinə ehtiyac var. Həm özlərinə, həm də Allahın bütün insanların Rəbbi olduğuna şahid olmaq üçün isə qüsursuz görən gözə, açıq şüura, dərketmə qabiliyyətinə və ağıla sahib olmaq lazımdır. Əks təqdirdə şahidlik etmək mümkün deyil. Buna görə də ayədə oradakı hər kəsin nəfs sahibi olduqlarına (insanın özü, bədəni, varlığı) xüsusilə diqqət çəkilmişdir. Bu isə insanın təkamül yolu ilə mərhələ-mərhələ keçərək yaranması iddiasını tamamilə əsassız edir.
“Maidə” surəsində isə belə buyurulur:
“Allahın sizə göstərdiyi lütfkarlığını və siz: “Eşidirik və itaət edirik!”– dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir.” (Maidə surəsi, 7)
Qrammatik qaydalara əsasən ayədəki “siz” ifadəsi şəxs əvəzliyidir. Deməli, o anda orada olanların hər biri (nəfər) insan idi. Eşitmək üçün qulağa, itaət etmək üçün isə ruha, qəlbə və ağıla ehtiyac var. Buna görə də ayədə (qulağı ilə) eşidən, eşitdiyini anlayan, ağlı, qəlbi, ruhu və bütün varlığı ilə Allaha itaət etdiyini təsdiq edən qüsursuz varlıqdan, yəni insandan bəhs edildiyi aşkardır.
Ayədəki “sizinlə bağladığı əhdi unutmayın” ifadəsi də Allahın bütün insanlardan söz aldığını və hər kəsin bu məsuliyyəti daşıdığını göstərir. Yalnız ağıl, şüur və ruh sahibi olan insan söz verərək bunun məsuliyyətini öz öhdəsinə götürə bilər. Əhdinə sadiq qalmaq yaradılan varlıqlar arasında yalnız insana xas olan xüsusiyyətdir. Ayənin davamında isə Allah insanların verdikləri sözü unutmamalarını və davamlı xatırlamalarını əmr edir. Ayədəki “unutmayın” ifadəsi də xatırlamağı və danışmağı bacaran insanların varlığını göstərir.

