“Mömin qadınlara da de ki, gözlərini çevirsinlər və ayıb yerlərini qorusunlar. Öz-özlüyündən görünən qisimlər istisna olmaqla, zinətlərini göstərməsinlər…” (Nur surəsi, 31)
Nur surəsinin 31-ci ayəsində Allahın diqqət çəkdiyi mövzulardan biri qadınların zinətləridir. Ayədə işlənən həmçinin “gizlətdikləri zinətləri bilinsin deyə” ifadəsi ilə qadının baş hissəsinin deyil, sinəsinin gizlənməli olduğu başa düşülür.
Bu ayədə istifadə olunan “ziynətəhunnə” kəlməsinin həqiqi mənası azərbaycanca işlətdiyimiz kimi, zinət, yəni bəzək deməkdir. Kəlmənin sonundakı “hunnə” əvəzliyi sözün xanımlara xitab etdiyini göstərir.
Bəzi alimlərin yenə Qurandan tam fərqli şərh irəli sürür və iddia edirlər ki, zinətlər dedikdə boyunbağı yeri nəzərdə tutulur, buna görə də zinətlərin taxıldığı yerə baxmaq haramdır. Bir qismi isə daha da irəli gedib iddia edir ki, qadının kəsilmiş saçına və dırnağına baxmaq haramdır. Beləliklə, bəziləri bunu diqqətdə saxlayıb çox qəribə bir məntiq ortaya atırlar ki, guya buralara baxmaq insanı hamısına baxmağa sürükləyir. (İbn Həcər, Zəvacir)
İzahlar həmişə şərhçinin qadına baxışını büruzə verən şəxsi düşüncələrdən ibarət olur. Qadını örtməyə, passivləşdirməyə və çirkinləşdirib cəmiyyət və insanlardan uzaqlaşdırmağa, həmçinin onu ikinci sinif vətəndaş kimi göstərib (haşa) Allah üçün deyil, kişi üçün yaşamağa layiq varlıq halına gətirməyə çalışan zehniyyətlər ayədəki bir tək zinət sözü ilə qadını tamamilə yox etməyə çalışıblar.
Halbuki ayədə işlənən “gizlənən zinətlər” ifadəsinin mənası açıq-aşkardır və gizlənən iki yerə; cinsi orqan və sinəyə xitab edir.
I Bəzi insanlar isə ayədə işlənən “zinət” kəlməsinin muncuq, boyunbağı kimi bəzək əşyaları olduğunu iddia edirlər. Belə bir yanaşma tərzi hədislərə əsaslanan izahların yanlış və qəribə olduğunu göstərir. Bu təəccüblü iddiaya görə, kişilər elə bir vəhşi instinktə malikdirlər ki, bir muncuğa baxanda belə özlərini idarə edə bilmirlər. Ona görə də muncuqları tələm-tələsik qadağan edirlər ki, vəhşi varlıq olan “kişi” özünə gələ bilsin!
Bu qorxunc məntiq xurafatçıların müsəlman kişiyə nə cür baxdığını göstərir. Halbuki müsəlman kişi Allahdan qorxan varlıqdır. Haram olan hərəkətləri ətrafda qadağan edildiyi üçün deyil, Allah istəmədiyi üçün etməz. Müsəlman kişi açıq qadın, yaxud bir ovuc muncuq gördüyü üçün özünü itirən, nəzarətdən çıxan və ya heyvani instinktlərlə yaşayan varlıq deyil. Bunu iddia etmək müsəlman kişilərə qarşı təhqirdir.
Xurafatçıların boyunbağı və sırğa kimi bəzək əşyalarını qadağan etmələrinin əksinə olaraq, Allah Quranda buyurur ki, zinət əşyaları iman edənlər üçündür, hətta məscidlərə baxımlı və gözəl geyimdə getmək lazımdır:
Ey Adəm oğulları! Məscidlərə (gedərkən) zinətlərinizi taxın… (Əraf surəsi, 31)
Allah bir ayədə “De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?”“ (Əraf surəsi, 32) –deyə buyuraraq halal edilən zinətləri belə haram edəcək zehniyyətin ortaya çıxacağını xəbər verir. Ayənin davamında “De: “Bunlar dünya həyatında iman edənlərə, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”” (Əraf surəsi, 32) ifadəsi ilə zinətlərin müsəlmanlara dünyada verilən gözəl nemət olduğu qeyd olunur. Bununla yanaşı, axirətdə yalnız onlara aid olacağı deyilərək bu gözəlliklərə ən çox iman edənlərin layiq olduğu vurğulanır. Allah iman sahiblərinə bu gözəllikləri layiq görmüşkən xurafatçıların müsəlmanlara bunu qadağan etməyə çalışması Qurana nə qədər zidd davrandıqlarının başqa bir dəlilidir.

