Saxta hədis: “Qadınlar olmasa idi, Allaha haqqı ilə ibadət edilərdi.” (Silsilətül-əhadisüz-zəif: 74, Tənzihüş-şəriə: 1/62, Əl-ləali: 2/59)
Qadın da bu dünyanın nemət və bəzəklərindən biridir. Neməti dəyərləndirmək ona sahib olan insanın əxlaqından asılıdır. Allah Quranda dünya nemətlərinin insanlar üçün imtahan olaraq yaradıldığını belə bildirir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Qadın eynilə övlad, qızıl-gümüş, yəni zənginlik də dünya nemətidir və insana bəzək olaraq göstərilmişdir. Lakin imanlı insan bütün bu nemətlərin əsl sahibinin Allah olduğunu bilir. Eyni zamanda dünyadakı hər nemətin keçici olduğunun və bütün nemətlərin ən gözəl şəklinin və daha çoxunun cənnətdə olacağının fərqindədir. Buna görə də bu nemətlərin heç biri onu Allahdan və Allah yolunda cəhd etməkdən uzaqlaşdıra bilməz. Əgər bir insan bu nemətlərin hər hansı birindən dolayı qəflətə düşüb Allah rizasının ən çoxunu axtarmaqdan uzaq durursa, bu, onun iman zəifliyindən qaynaqlanır. Bunun səbəbkarı nemətlər deyil, onun özüdür. Odur ki, qarşılığını yenə də özü alacaq. Bu məsələdə başqasını günahlandırmaq axirətdə ona heç bir fayda verməz.
Bu saxta hədislərə əsaslanıb xətalarına və gördüyü pis işlərə görə qadınları günahlandıran insan ancaq özünü aldadır. Qurana əsasən, iman etmək şərtlərdən asılı olmayaraq, Allah qarşısındakı vəzifəni tam yerinə yetirməkdir. Heç bir insan axirətdə Allaha qadınlara görə ibadət edə bilmədiyini deyə bilməyəcək. Ayədə bu həqiqət belə bildirilir: “Doğrusu, insan özü-özünə şahiddir! Üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.” (Qiyamət surəsi, 14-15) Yəni insanlar nə qədər bəhanə gətirsələr də, doğru olanı mütləq görürlər. Həmin saxta hədislərdən yapışıb qadınları günahlandıranlar ikiüzlü olduqlarını çox gözəl bilirlər. Dünyada bunu görməzlikdən gəlmək heç bir şeyi dəyişdirməyəcək. Allahın hüzurunda “…hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman necə olacaq?” (Ali-İmran surəsi, 25)

