Məzhəblərə, təriqətlərə görə qadın heyz (aybaşı) olarkən namaz qıla bilməz, oruc tuta bilməz, Quran oxuya bilməz, hətta qadının toxunduğu hər şey murdar olar. Bütün bunlar uydurmadır. Quranda buna aid bircə dəlil də yoxdur. Qadını aşağılamaq üçün bu yalanı uydurublar.
Düşünən insanlar bir dəfə bəqərə surəsi 222-ci ayəsini oxusa hər şeyi anlayar. Ayədə bircə qadağa var: Cinsi əlaqə. Heyz zamanı qadın əziyyət çəkdiyi üçün və tibbi səbəblərə görə cinsi əlaqə qadağan edilib. Burada heç bir ibadət qadağası yoxdur. Bütün halal, haramları Quranda göstərən Allah əlbəttə “heyz zamanı namaza yaxın durmayın, oruc tutmayın, Quran oxumayın” deyə bilərdi.
“İnsanlara doğru yolu göstərən, bu yolun və ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.” (Bəqərə surəsi, 185)
Ayə deyir ki, ancaq xəstə və səfərdə olanlar üzürlü səbəbdən orucu tutmaya bilər. Sağalandan sonra və ya səfərdən gələndən sonra eyni gün sayı qədər tuta bilərlər. Bu həmçinin də heyzə aiddir. Əgər heyz olan qadın özünü yaxşı hiss etmirsə, narahatdırsa Oruc tutmaya bilər və həmin günlərin sayı qədər qəza orucu tutar. Yox əgər hər şey qaydasında olarsa mütləq orucunu tutmalıdır.
Fikir verdinizsə Allah heyzi xəstəlik kimi verməyib. Çünki heyz xəstəlik deyil. Qadının heyzi yaradılışla əlaqəli bioloji bir haldır. İndi çox sadə sual çıxır ortaya. Heyzli olarkən cinsi əlaqəni qadağan edən Allah bu xırdalığı vermişkən niyə heyzli olarkən ibadəti qadağan etmədi? Çünki Allahın belə bir tələbi yoxdur…
I … “Ey iman gətirənlər, sərxoş ikən nə dediyinizi anlayana qədər və cunub olduğunuz zaman (yol ötən müsafirlər müstəsnadır) qüsl edənədək namaza yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş olduqda su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, ovuclarınızı üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır.” (Nisa surəsi, 43)
Sərxoş ikən və cunub olarkən Namaza yaxınlaşmaq olmaz. Bu açıq aydın bildirilib. Amma heyzli ikən ibadətə yaxınlaşmayın deyə bir ayə yoxdur. Çünki içkini insan öz iradəsi ilə içir, cinsi əlaqəni öz iradəsi ilə edir amma qadın heyzi isə bunlardan fərqli prosesdir. Qəsdən edilmir, xəstəlik də deyil. Yəni qadından asılı bir proses deyil.
Bəs bu adət haradan gəlmişdir? Əlbəttə ki, məzhəblərin “mənbəyi”, hədislərin “ilhamlandığı” Tövratdan. Görək Tövrat bu haqda nə deyir:
12. Lavililər.
1. Sonra Yehova Musaya dedi:
2. İsrail oğullarına belə söylə: “Hamilə qadın oğlan uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, yeddi gün murdar olacaq.
3. Səkkizinci gün uşaq sünnət olunmalıdır.
4. Qadın qandan paklanmaq üçün otuz üç gün də gözləməlidir. O, heç bir müqəddəs şeyə toxunmamalı və paklanma müddəti başa çatanacan müqəddəs məkana gəlməməlidir.
5. Əgər o, qız uşağı doğarsa, onda aybaşı vaxtı olduğu kimi, on dörd gün murdar olacaq. Qandan paklanmaq üçün isə altmış altı gün də gözləməlidir.
6. Sonra oğluna və ya qızına görə gözlədiyi paklanma günləri başa çatanda, qadın kahinin yanına, Hüzur çadırının girişinə yandırma qurbanı kimi bir erkək toğlu və günah qurbanı kimi bir bala göyərçin, ya da bir qumru quşu gətirməlidir.
7. Kahin onları Yehovanın önündə təqdim edib qadın üçün kəffarə verəcək və qadın qanaxmadan pak olacaq. Oğlan və ya qız uşağı doğan zahı qadın üçün qanun belədir.
15. Lavililər.
19. Aybaşı qanaxması olan qadın yeddi gün murdar olacaq. Ona toxunan adam axşama qədər murdar olacaq.
20. Aybaşı vaxtı qadın nəyin üstündə uzanar və ya oturarsa, həmin şey murdar olacaq.
21. Onun yatağına toxunan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.
22. Qadının oturduğu hər hansı bir şeyə toxunan adam paltarlarını yumalı və çimməlidir. O, axşama qədər murdar olacaq.
23. Qadının oturduğu istər yataq olsun, istərsə də başqa bir şey, ona toxunan axşama qədər murdar olacaq.
24. Əgər kişi qadınla yaxınlıq etsə və onun aybaşı qanı ilə murdarlansa,o, yeddi gün murdar olacaq. Onun yatdığı yataq da murdar olacaq.
Müstəqil şəkildə araşdırsanız görəcəksiniz ki, uydurma hədislərin 80-90 faizi ya Tövratdan, ya da İncildən götürülmüşdür. Allah haqqında dəlil endirmədiyi şeylərdə özündən haram uyduranlar üçün belə buyurub:
De: “Rəbbim həm aşkar, həm də gizli yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf surəsi, 33)
Qurana baxsaq bir daha əmin olarıq ki, Allah bütün hökmləri özü verir, Rəsul isə onu olduğu kimi çatdırır. Bu qadınlar barədə də belədir. Ayəyə baxaq:
Səndən qadınlar barəsində hökm istəyirlər. De: “Onlar barəsində və Kitabda sizə oxunan özlərinə müəyyən edilmiş mirası verməyərək evlənmək istədiyiniz yetim qızlar, zəif uşaqlar və yetimlərlə ədalətlə rəftar etməyiniz haqqında hökmü sizə Allah verir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Nisa surəsi, 127)
Ayəni oxuyarkən ağılla anlamaq lazımdır, təqlidçiliklə yox. Demək insanlar qadınlar haqqında Peyğəmbərdən fətva istəyirmişlər. Əgər peyğəmbər özündən fətva verə bilsəydi, daha bu ayə gəlməzdi. Bəqərə 222-də həmçinin. Guya o vaxt adamlar bilmirdi heyz nədir? Əlbəttə bilirdi, sadəcə heyzli vaxt nə etmək olar, nə etmək olmaz bunu bilmirdilər. Tövratdan sizə ayələr nümunə verdim. Ehtiyac olsaydı o formada ayələr gələrdi. Yəni bütün qadağalar haqqında hökmləri Allah verir.

