Qadınları təhqir etmək üçün uydurulmuş hədis

Qadınların cəhənnəmlik olduğu uydurması

“Doxsan doqquz qadından biri cənnətdə, digərləri cəhənnəmdədir.” (Səhih Buxari)

“Ey qadın topluluğu! Sədəqə verin və çox istiğfar edin. Çünki mən cəhənnəm xalqının çoxunun sizlər olduğunu gördüm.” (Müslim, İman 34/132; İbni Macə, Fitən 19/4003)

Xurafatçılardan ibarət cəmiyyətlərdə qadının alçaldılmasının və ikinci dərəcəli insan kimi qəbul edilməsinin səbəbini saxta hədislər çox açıq şəkildə göstərir. Belə hədislərin uydurulmasından sonra bir çox İslam cəmiyyətləri qadınları evə qatmağa və onlara dəyər verməməyə başladılar. Qadınların ikinci dərəcəli varlıq kimi görülməsi cəmiyyətdəki mədəniyyətsizliyə, zövqsüzlüyə və boşluğa sürüklədi. Həmin xurafatçı zehniyyəti təmsil edənlər əsla inkişaf edə bilmədilər. Hal-hazırda Yaxın Şərqdəki ölkələrin çoxu bu qorxunc zehniyyətin səbəb olduğu keyfiyyətsizliyin mərkəzi halına gəlmişdir. Halbuki Qurandakı din son dərəcə gözəl, sadə və keyfiyyətlidir.

Xurafatçılar cənnətin gözəl bəzəyi olan qadınlara dünyada da, axirətdə də Allahın çox dəyər verdiyini düşünə bilməyiblər. Ən əhəmiyyətlisi isə Qurana heç baxmayıblar. Məlum olduğu kimi, saxta hədislərdə işlənən ifadələrin heç biri Quranda yoxdur. Əxlaqı pozulan, pislik edən və harama girən insanları Allah Quranda ətraflı şəkildə təsvir etmişdir və bu təsvirlərin heç birində bu insanların xüsusilə qadınlar olduğuna dair açıqlama yoxdur.

Quranda əxlaqsızlığa və yanlışlığa yol verən insanların çoxunun qadınlar olduğuna dair heç bir ifadə yoxdur. Heç bir ayədə əxlaqsızlıq edənlər cinsiyyətinə görə ayırd edilməmişdir. Eyni zamanda heç bir ayədə qadınların daha əxlaqsız olduğu və cənnətə daha az qadın girəcəyi barədə hər hansı bir məlumat yoxdur. Uydurulmuş hədislərdəki məlumatlar xüsusilə qadın düşmənliyini yaymaq üçün ortaya atılan saxtakarlıqlardan biridir. Quran ayələri həmin saxta hədisləri qəti şəkildə təkzib edir.