Nisa surəsinin 34-cü ayəsində “onları döyün” şəklində tərcümə olunan ifadənin ərəbcə qarşılığı “idribuhunnə” kəlməsidir. Kökü isə “darabə” feilidir.
“Darabə” kəlməsi ərəb dilində, bəlkə də, ən çox məna ifadə edən sözdür. “Darabə” döymək mənasında işləndiyi kimi, eyni zamanda “pul kəsmək” mənasına da gəlir. “Tətilə çıxmaq” ifadəsi də ərəb dilinə “darabə” feili ilə tərcümə olunur. Bunu azərbaycanca, məsələn, “döymək” sözü ilə müqayisə edə bilərik. Bir nəfər bizə desə ki, qapı döyülür, bir oğrunun qapını söküb apardığını heç vaxt düşünmərik. Bu, bir qonağın qapını açmağımızı gözlədiyi mənasına gəlir. Dolayısilə, çoxmənalı sözlərin işləndiyi cümlələrdə mənaya və sözün istifadə şəklinə diqqətli yanaşmaq lazımdır.
“Darabə” kəlməsinin geniş yayılmış mənalarından biri isə səyahət etmək və çölə çıxmaqdır. Necə ki Quranda səyahətdən, səfərə çıxmaqdan, bir yerdən müvəqqəti ayrılmaqdan bəhs edən ayələrdə “darabə” feilindən istifadə olunmuşdur. Məsələn:
“Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz…” (Nisa surəsi, 101)
“Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, onlar üçün dənizdə quru yol aç”. (Düşmənin) sizə çatmasından qorxma, çəkinmə!” (– deyə) vəhy etdik.” (Taha surəsi, 77)
“Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür…” (Bəqərə surəsi, 273)
“Ey iman gətirənlər! Səfərə çıxmış.. və ya müharibəyə getmiş qardaşları barəsində…” (Ali-İmran surəsi, 156)
“Yer üzündə səfərə çıxdığınız zaman…” (Nisa surəsi, 101)
Yuxarıdakı ayələrdə “darabə” heç bir şəkildə döymək mənasında istifadə olunmamışdır. Eyni şey bəhs etdiyimiz “Nisa” surəsinin 34-cü ayəsi üçün də əsaslıdır. “Darabə” kəlməsini bu ayəyə əsasən dəyərləndirdikdə kəlmənin üç fərqli mənası üzərində durmaq lazımdır:
1) Onları evdən çıxarın, 2) Onları olduqları yerdən kənara getməyə vadar edin, 3) Onları döyün
Bu kəlmənin “Nisa” surəsinin 34-cü ayəsindəki mənasını anlamaq üçün ayənin əvvəlindəki “Özbaşınalıq etmələrindən (nüşuzundan) qorxduğunuz qadınlara” ifadəsinə nəzər salmaq lazımdır. “Nüşuz” kəlməsi məallarda “özbaşınalıq” olaraq tərcümə edilmişdir. Qadını alçaltmağı hər fürsətdə ayələrə əlavə etmək istəyən xurafatçılar kişiyə itaəti ya mötərizə daxilində, ya da tərcümənin özündə verməyə çalışıblar. Halbuki “nüşuz” kəlməsi bir qadının öz ərindən başqası ilə yaxın münasibət qurub qeyri-qanuni cinsi əlaqəyə qədər davam edən sədaqətsizliyi mənasını ifadə edir. Dolayısilə, ayənin davamında ərinə sədaqətsizlik edən qadına ərinin necə davranmalı olduğu təsvir edilir.
Kişiyə əvvəlcə deyilir ki, qadına bu sədaqətsizliyə davam etməməsi üçün nəsihət versin. Bunun nəticəsi olmayanda kişi qadından yatağını ayırsın. Lakin qadın buna baxmayaraq, qeyri-qanuni münasibətə davam edib zinaya qədər gedib çıxarsa, bu vəziyyətdə ən yaxşı tədbir onu evdən uzaqlaşdırmağı yoxlamaqdır.
Heç şübhə yoxdur ki, qadının qayğı ilə qorunduğu Quranda onun döyülməsinə qəti izin verilmir. Məntiqlə baxanda görərik ki, bütün xəbərdarlıqlara baxmayaraq, ərini aldadan qadını döymək onsuz da artıq sədaqət göstərməyən qadını qəzəbləndirməkdən başqa işə yaramaz və işi həll etməkdən çox çətinlik yaradar. Lakin uzaqlaşdırmaq həll yoludur. Qadın uzaq qaldığı müddət ərzində məntiqli düşünə bilər. Peşman olub baş verənlərə daha ağıllı yanaşa bilər. Bundan başqa, xətalarından vaz keçdikləri təqdirdə ərinin artıq onların əleyhində yol axtarmamağı ayədə müəyyən edilən gözəllikdir.
“Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın” şəklində tərcümə edilən ifadədə yenə də kişiyə itaət edən qadın düşüncəsindən yola çıxaraq bir növ yönləndirici üsluba əl atılır. Halbuki həqiqi tərcüməyə görə, “verdiyiniz öyüdü dinləyib sədaqətli davransalar” şəklində açıqlama mövcuddur. Burada söhbət qadının kişiyə itaət etməyindən getmir. Əsas məsələ evlilikdə hər iki tərəfin məsuliyyət daşıdığı sədaqətdir.

