Miras məsələsində qadının kişinin yarısı qədər pay alması da bir çoxlarının yanlış başa düşdüyü mövzudur. Quranın ruhunu, İslamın təməl əsaslarını və Rəbbimizin qadınlara şəfqətini qavramayan bəzi insanlar mirasın bölünməyindən bəhs edən ayəni Quranın bütünü ilə deyil, tək olaraq şərh etməklə öz iddialarını əsaslandırmağa çalışırlar. Halbuki miras hüququ yenə Quranda qadının qorunduğunu göstərən mövzulardan biridir.
Allah övladlarınız haqqında sizə tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, yarısı ona çatır. Əgər (ölənin) bir övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də valideynləridirsə, onun anasına üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaş-bacıları varsa, onun anasına altıda bir hissəsi düşür. (Bu bölgü) ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah biləndir, müdrikdir. (Nisa surəsi, 11)
İlk ayədə göründüyü kimi, İslamda miras həm kişinin, həm də qadının haqqıdır. İkinci ayədə isə mirasın şəkli açıqlanır. Buradakı tərifə görə, miras şəxslərin ehtiyacına və daşıdıqları məsuliyyətə görə bölünür.
Ümumi Qurana nəzər saldıqda görürük ki, həyat yoldaşı, ana, bacı və qızın dolanışığı oğul, ər, ata və qardaşa həvalə edilir. Bu qadının bütün həyatı boyu əsaslı olan hökmdür. Yəni oğul, ər, ata və ya qardaş himayəsindəki qadına ömrünün sonuna kimi baxmalıdır.
Məsələn, kişi evlənəndə qadına mehr verir. Qurana əsasən, mehr qadının ailəsinə deyil, birbaşa qadının özünə verilir. Evlənəndən sonra qadının və uşaqların bütün maddi ehtiyaclarını kişi ödəyir.

