Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)
Quranın heç bir yerində qadının qabırğa sümüyündən yaradıldığını və əyri olduğunu bildirən ifadə mövcud deyil. Xurafatçılarının dediklərinin əksinə olaraq, uca Rəbbimiz kişi və qadını ən gözəl surətdə yaratdığını bildirir:
Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Ğafir surəsi, 64)
Bəhs etdiyimiz saxta hədisdə işlənən “düzəltməyə çalışsan, qırarsan” ifadəsində qadının həm görünüş, həm də düşüncə yönü ilə əyri olduğuna və əsla düzəlməyəcəyinə işarə edilir. Quranda belə bir ifadə yoxdur. Bu ifadə xurafatçıların qadına nifrətini göstərir.
Qurandan isə öyrəndiyimiz bunlardır: Qadın və ya kişi olmasından asılı olmayaraq, hər kəsin çatışmaz xüsusiyyətləri ola bilər. Qurana əsasən, həmin çatışmazlıqlar mülayim üslubla düzəldilir. Heç kimin başqa birinin düzəlməyəcəyini deyib onu kənara atmaq haqqı yoxdur. Bunu edib özünü üstün görənlər axirətdə həmin “düzəlməz” adamın yüksək məqamda olduğunu görə bilərlər. Kimin doğru yolda olduğunu yalnız Allah bilir.
Xurafatçıların batil inanclarına görə, guya qadınlar əvvəldən naqisdirlər və sonradan dəyişə bilməzlər. Buna görə də saxta hədislərin çoxunda qadınların arasında yaxşılarının az olduğuna və çoxunun cənnətə layiq olmadığına dair məlumatlar var.

