Borc hökmünü təsvir edən bu ayədə borcların yazılmağından və katiblə şahidlərin bu vəzifədən boyun qaçırmamağından danışılır. Bundan başqa, ayənin sonunda qeyd olunur ki, katibə və şahidlərə zərər verilməməlidir. Göründüyü kimi, maddi mənfəətlərə aid olan şeylərdə insanlar şahidlik etməkdən çəkinirlər. Allah isə bu məsuliyyəti tamamilə kişilərə yükləyir və bu işdə iki kişinin şahid olmağını istəyir. Diqqət edildikdə görünür ki, ayədə “iki kişi və ya dörd qadın şahid tapın” ifadəsi işlənmir, birbaşa iki kişi şahid istənilir. Hamının çəkindiyi bu məsuliyyət birbaşa kişilərə verilmişdir. Beləliklə, təzyiqlərə daha həssas olan qadın bu riskli işdən qorunmuşdur.
Ayənin hökmünə görə, iki kişi deyil, bir kişi tapılarsa, o zaman bir kişi və iki qadın şərti var. Beləliklə, borc kimi riskli hesablaşmada qadın yalnız buraxılmır. Problemli vəziyyətin yaranması ehtimalında bir kişi ilə bir qadının üz-üzə gəlməsinin qarşısı əvvəldən alınır və qadın qorunur.
Məsələn, fərz edək ki, borcun miqdarı və ya ödəmə forması ilə bağlı anlaşılmazlıq yaranıb. Belə olduqda iki nəfərin fərqli şahidliyi qarşısında qadın kişi ilə üz-üzə gələ bilər. Bu vəziyyətdə iki tərəfdən biri yalançı çıxarsa, qadın stress keçirə bilər. Allah Quranda hər vəziyyətdə qoruduğu qadının belə bir duruma düşməyinin qarşısını almışdır. Belə ki, qadının yanında ikinci şahidin varlığı ona dəstək vermiş olur. Bir kişi və iki qadın şahid olanda şahidlərin sayı üçə çatır. Bu minvalla, məsuliyyət bir nəfərin deyil, üç nəfərin üzərinə paylanılır. Beləliklə, pis niyyətli insanlar üç nəfərdən ikisini aldatmalı olduqlarına görə işləri çətinə düşür.
Məlum məsələdir ki, pul ilə bağlı şeylər iftira atmağa, başqa birini günahlandırmağa və şübhə yaratmağa səbəb ola bilir. Dolayısilə, burada qadını qorumaq üçün görülən tədbir qadını bir çox yöndən qoruyur. Bəzi insanlara görə, qadınları gücsüz görüb onlara iftira atmaq çox asandır. İşə pulun qarışdığı vəziyyətlər həmin insanların qadına iftira atıb onu günahlandırmaq üçün istifadə edəcəyi mühitlərdən biridir. Lakin verilən borca iki qadının şahidlik etməsi bu iftira riskini aradan qaldırır.

