Qadın-kişi bərabərsizliyinin həlli

Ədalətin olmadığı cəmiyyətdə qadın-kişi ayrı seçkiliyi diqqəti cəlb edir

Ədalətin olmadığı cəmiyyətdə qadın-kişi ayrı seçkiliyi diqqəti cəlb edir. Dünyadakı qadın-kişi bərabərsizliyi çox mühüm problemlərdən biridir. Belə ki, qadınlar dünyadakı əksər ölkələrdə əsasən ikinci dərəcəli vətəndaş münasibəti ilə qarşılaşırlar. Gücsüz və müdafiəyə ehtiyacı olduqları halda, əzilir və aşağı görülürlər. Bunun kimi səbəblərə görə də qadınların fikirlərinə də dəyər verilmir.

Belə cəmiyyətdə qadınların iş yerlərində yüksək mövqeyə sahib olmalarına, hətta müəyyən karyeraya sahib olaraq savadlarını və bacarıqlarını sübut etmələrinə də icazə verilmir. Bütün dünyada qadınlar haqqında etibarsız, bacarıqsız, ürkək, zehni yaxşı inkişaf etməmiş insan imici yayılıb. Bu tamamilə yanlış “qadın xarakteri” anlayışı nəticəsində yaranıb, qadının etdiyi hər səhv onun insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv kimi şərh olunur.

Bir iş yeri üçün eyni təhsilə, zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında seçim ediləndə üstünlük mütləq kişi işçiyə verilir. Buna görə qadınların işlədikləri sahələr olduqca məhduddur.

Cəmiyyətdəki bu səhv fikrilər ucbatından qadınların da çoxu bu düşüncəni qəbul ediblər. Bunun nəticəsində bir çox cəmiyyətdə qadınlar arxa planda qalmaqda problem görmürlər.

İnkişaf etməmiş ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha ciddi miqyasda ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, karyera, səsvermə kimi konstitusional haqlar da verilmir. Hətta evlənərkən həyat yoldaşını seçmə haqqına da sahib deyillər. Bir mövzu haqqında fikir bildirmələrindən isə söz gedə bilməz. Qadınlar özləri ilə əlaqədar heç bir qərar verə bilməzlər. Onların yerinə hər qərar atası və ya həyat yoldaşı tərəfindən verilir.

Yalnız bir neçəsini sadaladığımız bu problemlərə illərdir həll yolları tapmağa çalışırlar. Qadınların haqlarını qorumaq üçün qurulmuş QHT-lər, azadlıq, bərabərlik, feminizm kimi məsələlərin müzakirə edilməsi, müxtəlif layihələrin hazırlanması, konfranslar təşkil edilməsi həll yollarından yalnız bir neçəsidir.

Bütün bu səylərə və işlərə baxmayaraq, ortaya qoyulan həll yollarının da yanlışlarla dolu olduğu aydın olur. Bu nəticə son dərəcə təbiidir. Çünki əsl çıxış yolu bütün problemlərin həllində də olduğu kimi Qurandadır.

Quran əxlaqının yaşandığı cəmiyyətdəki fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın-kişi, varlı-kasıb, yaşlı-gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan bu insanların cinsiyyəti, mövqeləri, sərvətləri və ya hər hansı xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayədə müsəlmanlara “…(Axirət üçün) tədarük görün! Əlbəttə, ən yaxşı tədarük təqvadır…” (Bəqərə surəsi, 197) sözləri ilə bu mövzunu xatırlatmışdır. Həmçinin Quranda möminlər saleh əməllər edən qadınlar və kişilər kimi bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqa sahib olmalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur! (Tövbə surəsi, 71-72)

Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır. (Əhzab surəsi, 35)

Kişi, yaxud qadınlardan hər kim mömin olaraq yaxşı işlər görərsə, onlar cənnətə daxil olacaqlar. Onlara xurma çərdəyinin ipi qədər belə haqsızlıq edilməyəcək. (Nisa surəsi, 124)

Dindən uzaq cəmiyyətlərdə qadınların qarşılaşdıqları ən böyük problemlərdən biri də boşandıqdan sonra yaşanan çətinliklərdir. Evləndikdən sonra həyat yoldaşı işləməyə icazə vermirsə və bunun ucbatından maddi cəhətdən həyat yoldaşından asılı yaşamaq məcburiyyətində qalan qadınlar boşananda son dərəcə çətin vəziyyətdə qalırlar.

Boşanan qadınlar – bəzilərinin hər hansı peşəyə sahib olmaması, bəzisinin yaşının çox olması, bəzisinin iş qabiliyyətinin olmaması, bəzisinin isə heç bir əlavə sosial haqqının olmaması ucbatından böyük çətinliklərlə qarşılaşırlar. Bundan başqa, boşandıqdan sonra hər iki tərəfin özünə görə tələblərinin olması, tərəflərin yalnız öz mənfəətlərini düşünməsi bu problemləri daha da çətinləşdir.

Halbuki Quran əxlaqını yaşayan cəmiyyətdə belə çətinliklər yaşanmır. İnsanların evlilikləri kimi boşanmaları da könül razılığı ilə olduğundan evlənərkən həyat yoldaşı ilə aralarındakı hörmət və sevgi boşanarkən də eyni şəkildə qorunur. Çünki iki tərəf də bir-birini qadın və ya kişi olaraq deyil, Allaha iman gətirən insanlar kimi təqvalarına görə qiymətləndirir və bu baxımdan gözəl davranırlar.

Bununla belə, Quranda qadınların boşanma vaxtı çətinliyə düşməmələri üçün bir çox tədbir vardır. Məsələn, qadınlara maddi baxımdan zəmanət verilmişdir. Hər iki tərəfin qarşılıqlı razılaşması nəticəsində təyin olunan maddi kömək və boşanan qadınlara necə davranılacağı ayələrdə belə təsvir edilmişdir:

Boşanan qadınların adətə müvafiq qaydada dolanışıqlarının təmin edilməsi müttəqilərin borcudur. (Bəqərə surəsi, 241)

…Onlara adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur. Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür. (Bəqərə surəsi, 236-237)

İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər. (Talaq surəsi, 7)

Bundan başqa, qadınlarla evlilik əsnasında verilən malların boşandıqdan sonra geri alınmaması ayələrdə qeyd edilmişdir. Boşanan qadınların ehtiyaclarının təmin edilməsi, qadınlara zorla varis olunmağa cəhd edilməməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.

Bura qədər izah edilənlərdən göründüyü kimi, həll yolu Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı cəmiyyətdə bütün sosial problemlərdə olduğu kimi, burada da qadınların çətin vəziyyətdə qalmaları, xor baxılmaları, çətinlik çəkmələri kimi məsələlər baş verməyəcəkdir.