Prof. Dr. Əziz Sancar

İslamın müasirliyi

“Müasir İslam”, “İslam və modernizm” kimi anlayışlar bu gün İslam dünyasında tez-tez gündəmə gələn və müzakirə olunan mövzulardandır. İslam dini keçmişdə və gələcəkdə ən müasir həyat tərzini, ən mükəmməl əxlaqi və sosial modeli insanlara təqdim etmişdir. Ancaq bəzi insanların yanlış anladığı və ya təhrif edilmiş “müasir İslam” dedikdə nəyin nəzərdə tutulduğunu dəqiqləşdirək.

Hər şeydən əvvəl, müasir İslam, İslam dininin mahiyyətindən uzaqlaşdırılaraq dövrün mentalitetinə, həyat tərzinə, əxlaq və düşüncə anlayışına uyğunlaşdırılması demək deyildir. Müasir İslam, İslamın əzəmətini və üstünlüyünü lazımınca dərk etməmiş, məzlum libasına bürünən bəzi insanların İslamı sosializm, kommunizm, materializm, darvinizm kimi batil ideologiyalarla şərh etməsi də deyil. Müasir İslam pis əxlaq anlayışını, müxtəlif azğın cərəyanları (homoseksuallıq kimi) müasirlik hesab edərək bu azğınlıqları İslama əlavə etmək də deyil.

Müasir İslam xurafat və mövhumatlardan uzaq, yalnız Qurana əsaslanan, hər dövrün, hər cəmiyyətin ümumi düşüncə səviyyəsindən qat-qat çox müasirlik anlayışına sahibdir. Bu, insanlar Quranı ən doğru şəkildə anlayaraq saf və səmimi şəkildə yaşadıqları zaman ortaya çıxacaq ən mükəmməl sistemdir. Demokratiyanın və azadlığın əsas mənbəyidir.

Müasir İslam Peyğəmbərimizin (s) və səhabələrinin yaşadığı İslamdır. Bu müqəddəs insanların yaşadıqları dövr fikir azadlığının, demokratiyanın, ədalətin, insan hüquqlarının ən mükəmməl şəkildə həyata keçirildiyi, sevginin, mərhəmətin, dürüstlük və səmimiyyətin tam hakim olduğu, İslamın əsl mənada ən rahat, asan və zövqlü şəkildə yaşandığı dövrdür. Allahın Rəsulu (s) əgər bu dövrdə yaşasa idi, şübhəsiz ki, dövrümüzün ən müasir insanı, müasir dindarlığın ən gözəl nümunəsi olacaqdı.

I İnsanların ən müasiri olmaq maddi anlayış deyil. Müasirlik – əxlaq, ağıl, mədəniyyət, düşüncə, şüur, diqqət, dərinlik, sevgi, davranış, ədəb-ərkan, şəxsiyyət, geyim-keçim, estetika və incəsənət anlayışı kimi hər cəhətdən insanların ən üstün, ən keyfiyyətli, ən çox nümunə götürülən, ən çox sevilən və bəyəniləni olmaq deməkdir.

Təəssüf ki, hazırda İslam dünyasının böyük əksəriyyətinə hakim olan din anlayışının, düşüncə və həyat tərzinin yuxarıda təsvir etdiyimiz modellə heç bir oxşarlığı yoxdur. Hətta İslam dedikdə Qərb dünyasında müasirlik, keyfiyyət, estetika, incəsənət, elm və azadlığa tamamilə qarşı bir sistem başa düşülür.

Bunun tək səbəbi isə hələ də İslam aləminin böyük hissəsində yaşanan dinin, əslində, İslam yox, İslam adına olan xurafatlar, batil inanc və tətbiqlərlə dolu, Qurandan çox uzaq xurafat dini olmasıdır. Keçmiş dövrlərdən qalma qəbilə mədəniyyətinin inanc və qaydaları, adət-ənənələri bu xurafatçı sistemin sosial, mədəni və əxlaqi əsasını müəyyən edir. Quranın bir çox ayəsində “ataların dini” olaraq adlandırılan və şiddətlə qınanan bu batil sistem təəssüf ki, bu gün istər müsəlmanların əksəriyyəti arasında, istərsə də Qərb dünyasında İslam dini kimi tanınır.