Şeytanın istifadə etdiyi metodlardan biri də insanları müsbət deyil, mənfi danışmağa sövq etməkdir. Şeytanın bu təlqininə qapılan insan bəzən mənfi danışmağın vacib və faydalı olduğuna inanır. Hətta bir çox mövzunu həll etmək üçün hadisələrin mənfi cəhətlərinin də araşdırılmasının zəruri olduğunu düşünür. Ancaq bu, doğru deyil.
Hər hansısa bir mövzuda irəliləmək, daha gözəl nəticələr əldə etmək istəyən insanın keçmişdəki və ya hal-hazırkı mənfi cəhətləri, mənfi şərtləri dilə gətirməsi, əksinə, insanlara zərər verib, pis təsir yarada bilər. İnsan bu davranışın həmin anda yaratdığı nəticələri hiss etməyə bilər. Lakin mənfi cəhətləri təkrarlamaqla özünə də ətrafına verdiyi qədər zərər verər. Danışaraq özünə təlqin edər, mənfi hadisələrin vacib olduğuna özünü qəti şəkildə inandırar.
Bu isə çox səhv hərəkətdir. Düzgünlük, doğruluq, reallıq daim mənfiliklərdən danışmaq demək deyil. Eyni nəticəni almağın daha gözəl, daha hikmətli, daha faydalı və təsirli yolları var.
Məqbul olan davranış isə pis olanı dilə gətirmədən, onun həlli olan müsbət tərəflərini danışmaqdır. Bu, bir məsələni həll edərkən hər iki tərəfə də müsbət təlqin edən, yaxşı nəticəyə çatmasını sürətləndirən və gözəl nəticəni tezləşdirən əxlaqdır. Daim hadisələrin mənfi tərəflərinə baxdıqda isə, sanki ortada çıxılmaz bir vəziyyət varmış kimi görünər. Sanki keçilməsi və unudulması mümkün olmayan, insanların həyatı boyu yaxalarını buraxmayan, üzərinə hopmuş kimi hipnoz təsiri yaradar. Halbuki mənfi cəhətlər dilə gətirilmədiyi və qarşısını almaq üçün müsbət tədbirlər görüldüyü təqdirdə tezliklə yox olub gedər.

