Pisliyin səssiz dili: Neqativlik

Pisliyin səssiz dilini bütün insanlar arasında yaymağa çalışan şeytanın, bu məqsədlə insanlara

Pisliyin səssiz dilini bütün insanlar arasında yaymağa çalışan şeytanın, bu məqsədlə insanlara öyrətdiyi üsullardan biri “neqativlik”dir. Neqativlik əsasən insanın Allahın (gizli və ya açıq) edilən hər pis əməli gördüyünü və insanın axirətdə bütün bunların qarşılığını tam alacağını unutmasından qaynaqlanar. Bu şüur bulanıqlığı ilə ortaya çıxan neqativ xarakter, gizli pisliklərin ən çox edildiyi xarakterlərdən biridir. Şeytanın təlqinləri ilə neqativ hərəkətlər edən insan bir-birinin ardınca pis əxlaq xüsusiyyətləri göstərməyə başlayar. Lakin bütün bunları yenə sübut edilməsinin mümkün olmadığını düşündüyü, “pisliyin səssiz dili”nin arxasına sığınaraq edər.

Neqativ ruh halına sahib insanın ağlında şeytanın təsirindən qaynaqlanan çoxlu vəsvəsə, şübhə və mənfi düşüncələr vardır. Əgər şeytanın təsirindən xilas olmaq istəsə, əlbəttə ki, bu düşüncələrin hər birinə Quranla lazımi cavabı verərək, neqativ ruh halından dərhal xilas ola bilər. Lakin vaxtını bu vəsvəsələrlə keçirdiyindən, şeytanın təzyiqindən xilas olmağın asanlığını düşünməz. Həmin bu insanları neqativ ruh halına sövq edən səbəblər isə, çox vaxt həqiqətlə heç bir əlaqəsi olmayan boş vəsvəsələrdən ibarətdir. Ağıl və məntiqdən olduqca uzaq olan bu ağılsız düşüncələr, Quranla qiymətləndirilib ortaya çıxarıldığı zaman əsassız olduqları dərhal ortaya çıxar və şeytanın təsiri də dərhal yox olar.

İnsanın ağlına yerləşən və onu neqativ ruh halına sürükləyən bu mənasız düşüncələrin təməlində isə ümumiyyətlə “narazılıq” vardır. Nəfs Allahın yaratdığı çoxsaylı nemət və gözəlliyə baxmayaraq, onu narazı qalacaq, bədbinliyə qapılacaq, hər şeyin mənfi yönlərini görəcək əxlaqa sürükləməyə çalışar. Belə əxlaq anlayışında isə, insan qarşısına çıxan hər hansı şeydən səbəbsiz olaraq narazılıq duya bilər; yaşadığı həyatdan, mühit və şərtlərdən, ətrafındakı insanların rəftarından, qarşılaşdığı hadisələrdən, öz ruh halından, hərəkətlərindən və ya bunun kimi daha bir çox mövzudan neqativ əxlaqa yönələ bilər.

Bəzən də bu narazılığın səbəbi, hələ yaşanmamış və yaşanacağına dair heç bir məlumatının olmadığı gələcəyə, yəni qeybə əsaslanan hadisələrdir. “Ya belə şey olsa” və ya “bunun nəticəsində mütləq belə hadisə olacaq” kimi tamamilə bədbinliyə əsaslanan, lakin azacıq da olsa həqiqət payı olmayan hadisələri düşünüb narazı olarlar.

Lakin bu düşüncələrin və bunların ortaya çıxartdığı davranışların heç biri Quran əxlaqına uyğun deyil. Buna görə də, şeytan bu ruh halını imanı zəif olan və ya qəlbində xəstəlik olan insanlara yaşatmağa çalışar. Yaşanan narazılıqların təməli insanın ətrafındakı insanlara əsaslandıqda, şeytan bu neqativ ruh halının gizli dillə və sübutu mümkün olmayacaq şəkildə bu insanlara hiss etdirilməsini istəyər.

Çünki Quran əxlaqından uzaq həyat tərzi yaşayan cahil cəmiyyətdə bu dildən, insanların bir-birlərinə gizli mesajlarla nə demək istədiklərini və bir-birlərindən nələr tələb etdiklərini başa salmaq üçün istifadə edilir. Şeytan bu əxlaqı iman gətirənlər arasında da yerləşdirmək və onların da eyhamlı, gülməli və mesaj məzmunlu bəzi gizli davranışlarla razılığa gəlmələrini istəyər. Bu yolla onları Quran əxlaqından uzaqlaşdırıb hiyləgərliyə və öz əxlaqına yaxınlaşdıra biləcəyini düşünər.

Şeytanın bu çağırışlarına qulaq asanlar bunun ən böyük zərərini yenə özləri görərlər. Allahın rizasına və Qurana uyğun əxlaq göstərilmədiyi müddətcə, sıxıntı və narahatlıq insanın həyatından əskik olmaz. Yemək, içmək, yatmaq, istirahət etmək, nemətlərdən zövq almaq, dostluq və sevgidən ləzzət almaq, şən, rahat, xoşbəxt olmaq bu insanlar üçün sanki imkansız hala gələr.

Bununla yanaşı, yaşadıqları ruh halını və narazılıqlarını açıq şəkildə dilə gətirib çarə axtara bilməmələri də, bu insanları böyük gərginliyə sürükləyər. Onlar belə çətinlik və gərginlik içində olarkən, qarşılarındakı insanların heç nədən xəbərsiz, rahat və hüzurlu olmaları isə bu gərginliyi dözülməz həddə çatdırar. Bəzən buna görə ətrafındakı insanlara qarşı gizli nifrətə belə qapıla bilərlər. Özlərini daxilən bütün bu vəsvəsələrlə həmişə doldurduqları üçün, neqativliklərinin dərəcəsi getdikcə daha da artar.

Bu insanların yaşadıqları neqativ ruh halı imanı tam qavraya bilməmələrindən və Allaha lazımınca təslim olmamalarından qaynaqlanır. Buna görə də; “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslama açar; kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərin üstünə məhz belə murdarlıq çökdürər” (Ənam surəsi, 125) ayəsiylə bildirildiyi kimi, Allah bu insanların üzərinə mənəvi kir çökdürür və qəlbinə dözülməz sıxıntı verir.