Peyğəmbərlərin duasında səmimiyyət

Həm saleh möminlər, həm də atalarının dininə uymuş insanlar və şirk qoşanlar bir çox səbəbdən

Həm saleh möminlər, həm də atalarının dininə uymuş insanlar və şirk qoşanlar bir çox səbəbdən Allaha dua edər. İnanmayanların duaları ya dar və sıxıntılı günlərdən qurtarmaq, ya da yaşadıqları dünya həyatında bir az da var-dövlət, sərvət sahibi olmaq üçündür. Allahı yalnız çətin günlərdə xatırlayanlardan Quranda belə deyilir:

İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi. (Yunis surəsi, 12)

Sadəcə olaraq dünya həyatı üçün dua edənlərdən belə bəhs olunur:

Kim axirət qazancını istəyərsə, Biz onun qazancını artırarıq. Kim də dünya qazancını istəyərsə, ona ondan (dünya nemətlərindən) verərik. Ancaq axirətdə onun heç bir nəsibi olmayacaqdır. (Şura surəsi, 20)

Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki: “Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur. (Bəqərə surəsi, 200)

Ancaq rəsulların və möminlərin duaları tamamilə axirətlə bağlı olan, nəfslərini düşünməyən, acizliyini bilən səmimi dualardır. Möminlər qiyamət günü alçaldılanlardan olmamaq, o gün cavabını verə bilməyəcəkləri şeyləri etmək və onlara sonsuz cəhənnəm əzabından qurtaracaq əməlləri ilham etməsi üçün Allaha dua edərlər. Bunlar axirətə bağlı dualardır. Allahdan istədikləri günahların və xətaların bağışlanması, tövbələrinin qəbul edilməsi, qorunmaq və mərhəmətdir.

Hz. Adəm şeytana uyaraq etdiyi səhvi anladığı zaman Allaha belə dua edir:

O ikisi belə dedi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”. (Əraf surəsi, 23)

Hz. Nuh isə Allahın hökmünə itaət etməyən oğlu üçün Allahdan əfv diləmiş, ancaq Allah bunun səhv olduğunu ona göstərdikdə tez dua etmiş və “…Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” (Hud surəsi, 47) demişdir. Bu ifadələr bütün möminlərə örnək olan, xətalarında israr etməyən, acizliyini anlayan son dərəcə səmimi möminlərə aid ifadələrdir.

Başqa bir gözəl örnək isə Quranda rəbbanilərin (dində dərin qavrayışa sahib olanların) dilindən bildirilir:

Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və kafirlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər. (Ali İmran surəsi, 147)

Rəsullar Allaha olan yaxın dostluq və səmimiyyətlərinin açıqca hiss edildiyi dualar edərlər. Ancaq rəsulların duaları əlbəttə ki, yalnız axirətdən ibarət deyil. Onlar öz Rəbbinə dünyada gözəl həyat, inkarçıların əzabla cəzalandırılması və inkarçılardan uzaq olmaq üçün də dua edirlər.

Hz. İbrahimin ona dünyada gözəl həyat verməsi üçün Allaha etdiyi səmimi dua belədir:

O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “Kafirləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!” (Bəqərə surəsi, 126)

İnkarçılar da Allaha dua edir. Ancaq onların duası sadəcə olaraq bu dünya həyatına bağlıdır. Allahın bunları yararlandırması da, dünya həyatında da əzab çəkmələri və daha çox günah qazanaraq canlarının alınması üçündür. Bunun əksinə olaraq möminlərin dünya həyatı üçün etdiyi dualar əslində axirətə yönəlib. Yuxarıdakı ayədə hz. İbrahim yaşadığı şəhərin möminlər üçün təhlükəsiz bir yer olması üçün Allaha dua edir. Beləliklə, möminlər burada yerləşib öz təbliğatını apara biləcək, Allaha və axirət gününə inanmaları səbəbi ilə də nemətlərə qovuşacaqlar.

Hz. Nuh da qövmünə təbliğat apararkən Allahdan bağışlanma diləmənin onlara faydalı olacağını belə bildirir:

Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Şübhəsiz ki, O, çox bağışlayandır”. (Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin, Mal-mülk və oğullar verərək sizə yardım etsin, sizin üçün bağlar və çaylar yaratsın. (Nuh surəsi, 10-12)

Şübhəsiz ki, hz. Nuhun öz qövmünə Allahın nemətlərini sayması onların şövqünü və Allaha olan yaxınlığını artırmaq və onları hərəkətə gətirmək üçündür.