Müsəlmanların bir hissəsi saxta hədislərə görə və bəzi “alim”lərin dinə əlavə etdiyi xurafatlara görə Qurandan uzaqlaşmışdır. Saxta hədislər və bəzi alimlərin şəriət hökmləri əsasında Quranda olmayan hökmlər yayılmışdır. Bu hökmlər o qədər çətindir ki, bəziləri Quranı toxunulmaz kimi görürlər:
“Qurana dəstəmazsız toxunmaq olmaz” xurafatına görə Quran oxumaq çətinləşdirilib.
Dəstəmazın Quranda tək bir ayədə açıq şəkildə bildirildiyinə və çox asan olduğuna baxmayaraq xurafatçıların cildlərlə kitabında dəstəmazı pozan müxtəlif səbəblər var.
Xurafatçılara görə Quranı həmişə oxumaq olmaz; üstü örtülüb yüksək yerə qoyular.
Quran, müsəlman üçün ən önəmli olduğu halda bu xurafatlara görə Quran Ramazan ayında, cənazələrdə, mübarək günlərdə və başqa zamanlarda yalnız ərəbcə oxunur. Ona görə də ərəbcə bilməyən cəmiyyətin əksəriyyəti Quranda yazılanlardan xəbərsizdir. Qısaca, bu xurafat düşüncələrin nəticəsi olaraq dünyada milyonlarla insan Allahın ayə və hökmlərindən xəbərsizdir.
Quranda baş örtüyü və Qurana dəstəmazlı toxunmaq kimi hökmlərin olmadığına baxmayaraq bir qadının baş örtüyü və dəstəmazı olmadan Qurana toxunması bu uydurma dində qadağandır. Eynilə kişilər üçün də saxta hökmlər vasitəsilə Qurana toxunmaq çətinləşdirilib.
İnsanları Qurandan uzaqlaşdırmaq üçün yayılan rəvayətlərdən biri də Quranı oxuyub anlamaqla bağlıdır. Guya heç kim sərbəst şəkildə Quranı oxuyub başa düşə bilməz və mütləq alimlərin təfsirinə ehtiyac vardır. Bunu qəbul edən müsəlmanların bəziləri Allahın Quranda bildirdiyi “Biz hər şeyi təfsilatı ilə izah etdik” (İsra surəsi, 12) ayəsinə baxmayaraq Quranı yetərsiz görmüş və öz ağıllarına görə saxta hədisləri həqiqi yol göstərici zənn etmişlər. Hansı ki, Peyğəmbərimiz Quranı tərk edən ümmətindən şikayət edir:
Peyğəmbər dedi: “Ey Rəbbim! Həqiqətən QÖVMÜM bu QURANI TƏRK ETDİ!” (Furqan surəsi, 30)
Quranı baş üzərinə qoymaq batil inancı da xristianlardan keçmə bidat və xurafatdır. Qurana hörmət başa qoymaq və ya divara asmaqla olmur, onu diqqətlə elmi kitab kimi dəqiq oxumaq və həyatımıza tətbiq etməklə olar, inşaAllah…

