Peyğəmbərimizin nümunəvi təvəkkülü

Hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran

Hər hansı bir çətinliklə, nəfsinin xoşlamadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbərimizin təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı taleyə təslim olduğunu düşünməlidir. Peyğəmbərimizin çox gözəl əxlaqa sahib olduğunu Allah Quranda belə bildirir:

Nun! Qələmə və (qələmlə) yazdıqlarına and olsun ki, Sən Rəbbinin neməti sayəsində divanə deyilsən! Şübhəsiz ki, sənin üçün bitməz-tükənməz bir mükafat vardır. Həqiqətən, sən uca bir əxlaq sahibisən. Sən də görəcəksən, onlar da görəcəklər – hansınızın divanə olduğunu. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları da, doğru yolda olanları da çox yaxşı bilir. (Qələm surəsi, 1-7)

Allah bu ayədə Peyğəmbərimiz üçün sonu olmayan mükafat olduğunu bildirmişdir. Bu, Hz. Məhəmmədin həmişə gözəl əxlaq göstərdiyini, təqvadan heç bir zaman ayrılmadığını göstərən məlumatdır.

Peyğəmbərimizin də “İmanın kamili, gözəl əxlaqladır” sözləri ilə ifadə etdiyi kimi, imanın ən əhəmiyyətli əlamətlərindən biri gözəl əxlaqdır. Buna görə də gözəl əxlaqın ən gözəl nümunələrini öyrənmək və tətbiq etmək əhəmiyyətli bir ibadətdir. İnsan həyatı boyu gözəl əxlaqı könüldən yaşaya bilməsi üçün Allaha təslim olması və təvəkküllü olması şərtdir.

Təvəkkül imanın ən əhəmiyyətli xüsusiyyətlərindəndir. Quranda Peyğəmbərimizlə əlaqədar olaraq izah edilən hadisələrdə Onun təvəkkülü və Allaha təslimiyyəti görülməkdədir. Məsələn Peyğəmbərimizin, Məkkədən çıxdıqdan sonra yoldaşı ilə birlikdə gizləndiyi mağaradakı sözləri təvəkkülünün ən gözəl nümunələrindən biridir. Allah bir ayədə belə bildirməkdədir:

Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, – deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 40)

Peyğəmbərimiz hansı şərtlərdə olursa olsun, həmişə Allaha təslim olub, Onun yaratdığı hər şeydə bir xeyir və gözəllik olduğunu bilib.

Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar: “Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, – deyərlər və sevincək halda dönüb gedərlər. De: “Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 50-51)

Peyğəmbərimiz, təvəkkülü ilə bütün müsəlmanlara nümunə olmuş və heç kimin Allahdan gələcək bir şeyi dəyişdirməyə qətiyyən gücü çatmayacağını belə xatırlatmışdır:

“…Bir şey istədiyində Allahdan istə. Kömək tələb edəcəksənsə Allahdan kömək dilə. Çünki insanlar, Allahın yazmadığı bir məsələ barədə sənə faydalı olmaq üçün bir araya gəlsələr, bunu bacara bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir araya gəlsələr, bunu da bacara bilməzlər.”

Peyğəmbərimizin sünnəsinə tabe olan hər möminin də, müsibət kimi görünən hadisələri onun kimi təvəkkül ilə qarşılaması, hər şeydə xeyir və gözəllik olduğuna iman etməsi lazımdır. Bunu da unutmamaq lazımdır ki, Allahın ən mömin bəndələrindən biri olan Peyğəmbərimiz Hz. Məhəmməd, çox böyük çətinliklərlə və şiddətli hadisələrlə sınanıb.

Hər şeydən əvvəl təbliğat apardığı xalqda hər cür çətinliyi yaratmağa hazır olan insanlar var: İkiüzlü davranaraq Peyğəmbərimizə tələ qurmağa çalışanlar, atalarının dinini dəyişdirməyi qəbul etməyən müşriklər, Peyğəmbərimizdən nəfslərinə uyğun ayə gətirməsini istəyənlər, onu öldürmək, sürgün etmək və ya həbs etmək istəyənlər və başqaları davamlı olaraq Peyğəmbərimizə çətinlik törətməyə çalışıblar.

Peyğəmbərimiz inkarçıların bu davranışlarına qarşı həmişə səbir etmiş, çox böyük qətiyyətlə Allahın dinini təbliğ etmiş və müsəlmanları təhlükələrdən qoruyaraq onlara Quranı öyrətmişdir. Onun bu əzminin, müvəffəqiyyətinin və cəsarətinin əsasını Allaha olan güclü imanı, təvəkkülü və təslimiyyəti təşkil edir.

Peyğəmbərimiz, mağarada olduğu kimi hər vəziyyətdə Allahın onunla birlikdə olduğunu bilmiş, hər hadisəni Allahın yaratdığına və Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə nəticələndirəcəyinə iman etmişdir. Peyğəmbərimizin bu hədisi Onun hər şeydə xeyir görən təvəkkülünə bir nümunədir:

“Mömin adamın vəziyyəti nə qədər təəccüblüdür. Çünki hər işi onun üçün bir xeyirdir. Bu vəziyyət, yalnız möminə xasdır, başqasına deyil: Ona məmnun olacağı bir şey gəlsə şükür edər, bu isə xeyirdir; bir zərər gəlsə səbir edər, bu da xeyirdir.”

Peyğəmbərimiz bu inancı ilə hadisələr qarşısında əlindən gələni etmiş ancaq nəticənin Allaha aid olduğunu hər zaman bilərək, Ona güvənmişdir. Allah, Onun bu gözəl təvəkkülü qarşısında Peyğəmbərimizi həmişə güclü və başarılı etmişdir.

(Ey Rəsulum! Sənə:) “Baş üstə!” – deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Nisa surəsi, 81)

Peyğəmbərimizə çətin vəziyyətdə deməsi bildirilən sözlər də Onun, Allaha olan təvəkkül və təslimiyyətini göstərməkdədir:

Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir. (Ali İmran surəsi, 20)

Peyğəmbərimiz təvəkkül edənlərin görəcəkləri qarşılığı belə bir misalla açıqlayib:

“Siz Allaha haqqı ilə təvəkkül etsəniz, quşlar kimi ruzi verilərdiniz. Onlar aç gedər, tox dönərlər.”

Möminlər üçün ən gözəl nümunə Peyğəmbərimizin sözləri və rəftarıdır. Buna görə də, hər hansı bir çətinliklə, nəfsinin xoşlanmadığı bir vəziyyətlə qarşılaşan hər mömin, Quran ayələrini və hər şeyi yaradanın Allah olduğunu düşünərək, Peyğəmbərin təvəkkülünü nümunə götürməli, hər hadisədə Allahın yaratdığı taleyə təslim olduğunu düşünməlidir.