Quranın əmrlərini ən mükəmməl şəkildə həyata keçirən Peyğəmbərimizdir. Peyğəmbərimiz (səv) bütün həyatı boyu Qurana uyğun yaşamışdır və müsəlmanlar üçün ən mükəmməl nümunə olmuşdur. Bütün əməlləri və sözləri Qurana uyğundur və bunların bir qismi dövrümüzə qədər gəlib çatmışdır. Hədis adı verilən bu sözlərin bir qismi Quranın göstərişlərini əks etdirir. Buna görə də onların Peyğəmbərimizə (səv) aid olduğu məlumdur və səhihdir.
Ancaq bu, bir həqiqətdir ki, hədis kitablarına sonradan əlavə edilən, Peyğəmbərimizin (səv) sözlərinə və əməllərinə heç uyğun gəlməyən bəzi açıqlamalar dövrümüzdə hədis kitablarında yer alır. Bu sözlərin səhih hədislərdən ayırd edən xüsusiyyəti Qurana tamamilə zidd olmasıdır. Qurana zidd olan söz və əməllərin Peyğəmbərimizə (səv) aid olması mümkün deyil.
Belə ki, İslam dinindən tam fərqli olan xurafatçıların dinini araşdırdıqda hədislər mövzusunda bəzi həqiqətləri bilməliyik. Çünki xurafatçıların dini İslamın yeganə kitabı olan Quranda yoxdur. Bəs bu batil din haradan gəlir? Bu din adət-ənənələrdən, ağızdan-ağıza yayılan xurafatlardan, ən çoxu isə guya Peyğəmbərimizə (səv) aid olan uydurma hədislərdən gəlir.
Quranın nazil olmasından sonrakı əsrlərdə Peyğəmbərimizin (səv) bəzi əməlləri və sözləri hədis olaraq bir yerə toplanmışdır. Hədislərin hicri 2-ci əsrdən etibarən yazılmağa başlandığı zənn edilir. Həmin hədislərin bir qismi qorunmuşdur. Bir qismi isə uydurulmuş və sonrakı dövrlərə tamamilə yanlış ötürülmüşdür. Daha əvvəl də açıqladığımız kimi, bir hədisin, həqiqətən, Peyğəmbərimizin (səv) sözü və ya əməli olub-olmadığını bilmək üçün Qurana baxmalıyıq. Əgər bir hədis Qurana uyğun gəlirsə, deməli, doğrudur. Əgər gələcəyə işarə edən bir hədis gerçəkləşərsə, yenə də doğrudur. Lakin həmin hədis Qurana ziddirsə, tərəddüd etməyə gərək yoxdur və hədis heç cür doğru qəbul edilə bilməz.
Bəs yaxşı, hədislər müsəlmana lazımdırmı? İlk öncə, müsəlmanların əvəzolunmaz yeganə qaynağı Qurandır və Quran bir müsəlman üçün təkbaşına kifayətdir. Uca Rəbbimizin hökmünə əsasən, müsəlman yalnız Qurandan hesaba çəkiləcək. Bununla belə, Peyğəmbərimizin (səv) Qurana əsaslanan əməllərini və ya möcüzələrini bilmək böyük nemətdir. Hədislərə tabe olmaq müsəlmana fərz deyil, lakin Peyğəmbərimizin (səv) söz və əməlləri, gələcəyə dair verdiyi müjdələr əhəmiyyətli yol göstəricidir. Elə buna görə də doğru sözü səhv olandan ayırmaq və dövrümüzə qədər gəlib çatan hədisləri aydınlaşdırmaq çox əhəmiyyətlidir. İslam cəmiyyətlərinin bir çoxunun problemi isə budur ki, Quranı tamamilə tərk edib yerinə uydurma hədisləri yol göstərici kimi qəbul edirlər.
