Peyğəmbərimiz oxumaq, yazmaq bilirdi

Hədisçilərin iddiasına görə Hz

Hədisçilərin iddiasına görə Hz. Məhəmməd (s) oxumaq, yazmaq bilmirdi. Bu iddianı etməklə hansı məqsədə nail olmaq istəyirlər məlum deyil. Qurandan da buna ayələr dəlil gətirirlər. “Ümmi” sözünü oxumaq, yazmaq bilməyən kimi tərcümə etməklə iddialarını sübut etməyə çalışırlar. “Ümmi” sözü Quran boyunca Tövratı və İncili bilməyənlərə deyilir. Allahdan gələn ilk ayə “oxu” dur, “əzbərə de” demir, oxumaq üçün bir yazını oxumaq gərək. Şüurlu insana oxu deyəndə anlayar ki, hansısa yazını oxumalıdır. Çünki başqa bir izahı yoxdur bunun. Xurafatçılar hər zaman məntiq pozğunluğu yaşayarlar və dərk etməzlər bunu.

Yaradan Rəbbinin adı ilə OXU! (Ələq surəsi, 1)

Başqa ayələrdə “Quran oxuduğun zaman” deyir, feili şəkildə quranı oxumaqdan söhbət gedir.

QURAN OXUDUĞUN ZAMAN qovulmuş şeytandan Allaha sığın! (Nəhl surəsi, 98)

QURAN OXUDUĞUN ZAMAN səninlə axirətə inanmayanların arasına (səni qoruyan) görünməz bir pərdə çəkərik. (İsra surəsi, 45)

Quranda “ümmi” kəlməsi 6 yerdə keçir, heç birində də “oxuma, yazma bilməyən” kimi anlam vermir.

Onların arasında Kitabı bilməyən elə savadsızlar (ümmilər) vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar. (Bəqərə surəsi, 78)

Burada ümmi sözünü savadsız kimi tərcümə ediblər. Amma ayədən görünür ki, söhbət İncili və Tövratı bilməyənlərdən gedir. Allahın kitabından xəbəri olmayan Yəhudi ümmiləri oradan-burdan eşitdikləri rəvayətləri yığıb Mişna külliyyatı halında dərc edərək Allahın dinini unutdurmağa çalışmışlar. Allah Quranda yəhudilərdən boşuna söz açmır. Bunları bizə ibrət olsun deyə anladır. Amma heyf ki, yəhudilərin etdiyi səhvi müsəlmanlar da etdi. Digər bir ayə:

Kitab verilmiş şəxslərə və savadsızlara (ümmilərə) de: “Siz də təslim oldunuzmu?” (Ali İmran surəsi, 20)

Özünə kitab verilənlər və ümmilər deyə keçən cümlədə ümmi sözünün savadsız kimi işlənmədiyi açıqdır. Bu ayəyə görə biz anlayırıq ki, İslam gələndə Ərəbistan cəmiyyəti iki qrupda idi:

1) Kitab verilmiş olan Musəvi və Xristianlar.

2) Kitablarla məşğul olmayan ümmilər.

(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən rəsul göndərən Odur. Əvvəllər haqq yoldan açıq-aşkar azsalar da, onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara Kitabı və hikməti öyrədər. (Cümə surəsi, 2)

Diqqət etsək əsas məsələdən qaçmaq üçün ümmi sözünün qarşısına “Əksəriyyəti yazıb-oxumaq bilməyən” ifadəsini əlavə ediblər. Əgər ümmi yazıb-oxumaq bilməyən olsaydı onda deməli ayəyə görə ərəblərin heç biri yazıb-oxumaq bilmirdi. Ayədən də gördük ki, Quran Ərəbistan camaatını oxuyub-yazan və oxuma-yazma bilməyən qruplarına bölmür. Kitab əhli olan və Kitab əhli olmayan (ümmi) kimi iki yerə ayırır. Quran Peyğəmbərimizin ümmi olduğunu bildirməklə əsas bir iftiraya da cavab verir. Peyğəmbərin təbliğini rədd edənlər Quran ayələrini İncil və Tövratdan köçürüldüyünü iddia edirdilər, Peyğəmbərin oxuma-yazma bildiyini irəli sürərək rədd etmirdilər. Ümmi sözünün Kitab əhli olmayanları əhatə etdiyini gördük. İndi isə Peyğəmbərimizin oxuma-yazma bilən bir ümmi olduğuna dair bəzi dəlilləri yazaq:

  • Oxuma-yazma bilmir hekayələrini uyduranlar bunun üçün “ümmi” sözünün mənasını incə tərzdə dəyişməyi məqsədəuyğun görüblər. Halbuki “ümmi” sözü Quran boyunca Kitab əhli olmayanları işarə edir (yəni İncil və Tövratı bilməyənlər).
  • Hz. Məhəmməd (s) elçi rəsul olmazdan əvvəl tanınmış tacir idi. 25-30 il tacir olan bir insanın oxumaq-yazmaq bilmədiyini iddia etmək məntiqdən kənardır.
  • Məlumdur ki, elçi vəhy katiblərinə ayələri harada, necə yazmaq lazım olduğunu öyrədirdi. Əgər elçi vəhy gələnə kimi oxuma-yazma bilməsə belə, 23 il ərzində 28 hərfi öyrənə bilməməsini iddia etmək heç bir müsəlmana yaraşmaz.
  • Bədr savaşında əsir düşən Məkkəliləri 10 müsəlmana oxumaq, yazmaq öyrətmək qarşılığında sərbəst buraxan, oxumaq, yazmağa bu qədər önəm verən elçi niyə oxumaq-yazmaq bilməsin? Allah Ona oxumaq-yazmağı haram qılmışdı?
  • İlk vəhy “oxu” deyə əmr etməmişdir məgər? İnsanları, müşriklərdən belə oxumaq, yazmaq öyrənməyə təşviq edən elçi necə ola bilər ki, dediyi şeyi özü eləməz.
  • İlk vəhy olan Ələq surəsi oxumağa-yazmağa təşviq edər. Qələm adlı surə də yazı yazmağı təbliğ edir.

Bütün bu dəlilləri incələyərək görərik ki, Peyğəmbərimiz oxumaq, yazmaq bilirdi. Hədisçilərin son sığındığı yer Ənkəbut surəsi, 48-ci ayəsidir ki, onunla Peyğəmbərin oxumaq-yazmaq bilmədiyini sübut etmək istəyirlər.

Sən bundan əvvəl nə bir kitab oxumusan, nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar şəkk-şübhəyə düşərdilər. (Ənkəbut surəsi, 48)

Peyğəmbərin Qurandan əvvəl İncili, Tövratı oxumadığı, yazmadığı bildirilən ayəni, onun oxuma-yazma bilməməsinə dəlil gətirmələri qərbədir.