Peyğəmbərimiz kasıb deyildi

Hədisçilərin, məzhəblərin Allah Rəsuluna atdığı növbəti iftira da guya Məhəmməd Peyğəmbərin

Hədisçilərin, məzhəblərin Allah Rəsuluna atdığı növbəti iftira da guya Məhəmməd Peyğəmbərin (s) kasıb olmasıdır. Bu iddianı irəli sürərək sanki, islama kömək etdiklərini sanırlar, peyğəmbəri ucaltdıqlarını sanırlar. Bir çox hədislərdə, guya Peyğəmbərin evində günlərlə ocaq yanmayıb, yemək bişməyib, bəzən Rəsul aclıqdan qarnına daş bağlayıb və s. kimi yalanlar yer almışdır. Bu sözlər Quran, ağıl, məntiq ilə düz gəlmir. Əvvəlcə məntiqi dəlillərə baxaq:

  • Məhəmməd Peyğəmbərə vəhy gəlməzdən qabaq o Məkkədə adlı-sanlı ticarətçilərdən biri olub. 20-25 il ticarət edən bir insan əlbəttə yoxsul ola bilməz.
  • Peyğəmbərimiz 25 yaşında Məkkənin ən varlı qadınlarından olan Hz Xədicə ilə ailə qurub və bundan sonra o sərvəti özü idarə edib.
  • Peyğəmbərin bir neçə xanımı olub. Sual ortaya çıxır: Nisa 3, 129 ayələrində qadınlarla ədalətli rəftardan, bərabərlikdən söz açılır. Əgər Elçi özü yeməyə yemək tapmayıbsa bu xanımlar arasında necə bərabərliyi təmin edə bilərdi?
  • Qadınlarını dolandıra bilməyən, onlar arasında bərabərlik təmin etməyən kişi bir xanımla kifayətlənməlidir. Bu iftiranı Allahın rəsuluna atmaqla onu hətta Quran ayəsinə əməl etməməkdə günahlandırmış olurlar.
  • Qurandan bilirik ki, savaş qənimətlərinin müəyyən qədəri Elçi və onun ailəsinə çatır (Ənfal 1, 41, Həşr 7). Elçi sağlığında çoxlu savaşlarda olub və onlardan qənimətlər əldə edib.
  • Peyğəmbərin ətrafında onun üçün canından, malından, hər şeyindən keçən səhabələr var idi. Bunlar içində varlısı da, dövlətlisi də vardı. Necə ola bilər ki, özlərini Rəsula qurban verməyə hazır olan insanlar onun ac qalmasına, onun evində günlərlə yemək bişməməsinə biganə qalsınlar? Bu iddia ilə həm də səhabələrə də iftira atmış olurlar.

İndi isə bu haqda Quran ayələrinə baxaq:

Tezliklə Rəbbin sənə (nemət) verəcək, sən də razı qalacaqsan. O səni yetim görüb sənə sığınacaq vermədimi?! Səni çaşqın halda görüb doğru yola yönəltmədimi?! Səni yoxsul ikən zəngin etmədimi?! (Duha surəsi, 5-8)

Ayələr açıq-aşkardır. Allah vəd verib və vədini də yerinə yetirib. Rəsulunu həm maddi, həm də mənəvi zənginləşdirib. Bu ayələrdən sonra bu mövzuda heç bir hədisə ehtiyac yoxdur.

Ey iman gətirənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən Peyğəmbərin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, Peyğəmbərə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz… (Əhzab surəsi, 53)

Bu ayə isə bütün şübhələrə aydınlıq gətirir. Allahın rəsulu nəinki kasıb deyildi, hətta öz qohum-tanışına ziyafətlər verəcək qədər zəngin idi.

Quran ayələrini və məntiqi mühakiməmizi əsas götürərək deyə bilərik ki, Allahın rəsulu yoxsul olmamışdır. Əksinə imkanlı olmuşdur. Əslində ümid edirəm ki, hədisçilər belə demək istəyib: “Allahın rəsulu yoxsul olmayıb, varlı, dövlətli ola-ola yoxsul kimi həyat sürüb”. Çünki biz Qurandan bilirik ki, bir mömin ehtiyacından artığını imkansızlara sərf etməlidir. Allahın rəsulu da özünə düşən qənimətləri, qohum-tanış arasında, imkansızlar arasında xərcləyirmiş. Bu yolu 4 Raşidi xəlifəsi də izləyib. Lakin azğın Əməvilər hakimiyyətə gəldikdən sonra Quran aradan qaldırılmış və onun yerini xurafat tutmuşdur. Zəkat sistemi də ləğv edilmiş və indiki gördüyümüz vəziyyət yaranmışdır.

Son olaraq qeyd edim ki, Allah Rəsulunun kasıb olduğunu nəql edən şeyxlər, mollalar, din “alimləri” özləri lüks evlərdə qalır, bahalı maşınlarda gəzir, yeməyin ən “qaymaqlı” hissəsini yeyirlər.