Peyğəmbərimiz (S) hədis yazılmasına izin verməmişdir

Peyğəmbər dövründə yazılı hədis olmayıb

Tarixi qaynaqlardan və bizə çatan ilk hədislərdən məlum olur ki, Peyğəmbərimizin (s) və dörd xəlifənin dövründə heç bir yazılı hədis olmayıb. Xarəvi mövzu ilə bağlı belə deyir: “Nə səhabələr (Peyğəmbəri görənlər), nə də tabiyyun (Peyğəmbəri görməyən, lakin səhabə görən) hədisləri yazırdılar. Lakin söz kimi rəvayət edirdilər. Bəsit yazılı bir neçə mətndən başqa bunun istisnası yoxdur. Bu mövzuda nəql edilənlərin itməməsi üçün Ömər ibn Əbdüləziz, Əbu Bəkr əl-Xəzmə bir məktubda əmr etdi ki, hədisləri araşdırıb yazsın”. Yezid ibn Əbdülməlik isə Ömər ibn Əbdüləziz öləndən sonra Əbu Bəkr əl-Xəzmi bu vəzifədən uzaqlaşdırdı. Sonra gələn Xəlifə Hişam, əz-Zöhri hədislərini ilk toplayan şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimizin (s) şəhadətindən 2-3 əsr sonraya düşür.

Buxaridən əvvəl hədislərin nə qədər doğru olub-olmadığını heç kim araşdırmamışdır. Hədisləri səhih və ya zəif olaraq adlandırmaq Buxari ilə başlayır. Hədislər araşdırılanda isə bundan bir nəticə almaq mümkün olmur. Zəif olmaq bir yana, tamamilə uydurma olan hədislər İslam adından yayılmış və sayı getdikcə çoxalmağa başlamışdır.

O dövrdə bunun qabağını almaq mümkün olmamışdı. Çünki Peyğəmbərimizin (s) vəfatından hədis kitablarının yazılmasına qədər 6-7 nəsil keçmişdi. Bu hədislərin yazıldığı məşhur hədis kitablarında qeyd olunur ki, bunları 6-7 nəfər bir-birilərinə deyərək növbəti nəslə ötürmüşdür. Həmin hədislər nəql ediləndə Peyğəmbərimizdən (s) sonrakı halqadan bir sonrakı halqa belə vəfat etmişdi. Yəni hədisçilərin hədis nəql edən şəxslərin doğru danışıb-danışmadıqlarını tədqiq edəcəkləri şəxslər həyatda deyildi. Hədis alimləri də bunun fərqində idilər. Müslim səhih olan, yəni qəti doğru olduğu qənaətinə gəldiyi hər hədisi kitabına yazmadığını deyir (Müslim, 1-ci cild). Hədislərin dinin qaynağı olduğunu deyən Buxari 600 min hədisdən 6-7 minini, yəni 1%-ni kitabına yazmışdır. Yerdə qalan 99%-nin isə əsaslı olmadığını düşünüb qeyd etməmişdir. Buradan belə nəticəyə gəlirik ki, İslam aləmi üçün hədislər bir neçə şəxsin qənaətinə görə müəyyən olunur ki, bu da hədisləri dinin qaynağı olaraq görənlər üçün çox dəhşətli vəziyyətdir. Çünki başqaları üçün səhih hökmündə olan, lakin Müslimin lazım bilmədiyi üçün kitabına yazmadığı digər hədislərdəki məlumatı heç bir zaman əldə etmək mümkün olmayacaq. Bu arada xatırladaq ki, bütün bunlar nəzərdən keçirildiyi halda, İslamın səhih, qorunan və heç dəyişməyən kitabı olan Qurani-Kərim bir kənara qoyulmuşdur.