Saxta hədislər dini qaynaqlarda “saxta” hədislər kimi də adlandırılır və bu terminin mənası budur: hz. Muhəmmədin (s) demədiyi sözü yalan və iftira yolu ilə ona aid etmək. Yəni saxta hədis hz. Muhəmmədə (s) aid olmadığı halda, qəsdən onun hədisi kimi qələmə verilir.
Bu hədislər hal-hazırda bir çox İslam cəmiyyətlərində Quranı əvəz edən və yeni saxta dinin formalaşmasına səbəb olan əsas qaynaqlardır. Həmin saxta, yəni iftira xüsusiyyəti daşıyan hədislərin ən diqqəti cəlb edənlərini bir-bir izah edib gözlər önünə sərəcəyəm, inşaAllah. Çünki, hər kəsə batil İslam anlayışının hansı xurafatlardan qaynaqlandığı məlum olsun və bunun yanlış olduğu Qurandan dəlilləri ilə göstərilsin. Beləliklə, İslamı yanlış anlayanlar xurafatçıların dininin təkcə yanlış anlaşılmadan ibarət olmadığını, tamamilə saxta sistem üzərinə qurulduğunu başa düşərlər. Eyni zamanda İslamı və Quranı tənqid etməyə çalışanlar da yanıldıqlarını görər və müsəlman adını daşıyan bir çoxları həqiqi İslam və Quranla heç bir əlaqələrinin olmadığının şahidi olarlar. Yenə ümid edirəm ki, buradakı açıqlamalar xurafatçı zehniyyət içində yaşamağa məcbur qalan, yeganə sistem kimi onu doğru zənn edən səmimi insanların Quranın doğru yolunu görmələrinə vəsilə olacaq.
Peyğəmbərimizdən (s) nəql edildiyi iddia edilən hədislər və Peyğəmbərimizin (s) əməlləri olaraq qəbul edilən rəvayətlər ilk dəfə onun vəfatından bir neçə əsr sonra qələmə alınmışdır. Məşhur altı hədis kitabından ibarət Kutubi-sittənin müəlliflərindən Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbn Macə isə 273-cü ildə vəfat etmişdir. Şiələrin hədis kitabları isə fərqlidir. Sünni və şiələrin bir çoxu bir-birilərinin hədis kitablarını qəbul etmirlər. Şiələrin hədis kitablarının yaranması daha irəli tarixlərlə üst-üstə düşür. Məşhur şiə hədisçilərindən Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Muhəmməd Tusi 411-ci ildə, əl-Mürtəza isə 436-cı ildə vəfat etmişdir.
