Bir adamın Allaha, peyğəmbərlərə və mənəvi dəyərlərə qarşı nalayiq sözlər işlətməsi təqdir oluna bilməz. Lakin bütün insanlar eyni deyil. Bir çoxu imansızdır, bir çoxu müəyyən səbəblərdən dolayı ön mühakiməlidir və bir çoxu da dinə nifrət bəsləyir. Bununla belə, bəziləri də cahildir və Quran haqqında heç bir şey bilmirlər. Odur ki, müxtəlif səbəblərə görə insanlar dinə qarşı ön mühakiməli davrana bilirlər. Xüsusilə dövrümüzdə belə insanların sayı daha çoxdur.
İmtahana gəldiyimiz bu dünyada hər düşüncə və hər fikirdə olan insanlar vardır. İmtahanımız da elə bunlarla birlikdə davam edəcək. İnsanlar nə qədər ön mühakiməli və qəzəbli olursa olsunlar, müsəlmanlar onlara Quran əxlaqını gözəl üslubda anlatmalı, qərarı onların özünə buraxmalıdırlar. Bəzən bu gözəl davranış insanlara təsir edir və onlar xətalarını görüb dəyişilirlər. Belə ki, bu barədə Quranda belə buyurulur:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Ayədə müsəlmanlara əmr edilir ki, pis davranan insanlara gözəl qarşılıq versinlər. Bunun nəticəsinin belə olacağı xəbər verilir: o zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar…
Bunlara baxmayaraq, həmin adam eyni hərəkətlərə davam edərsə, bu vəziyyətdə yenə Quranda nə etməli olduğumuz barədə belə buyurulur:
Rəhmanın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara bir söz dedikdə: “Salam!” –deyərlər. (Furqan surəsi, 63)

