Peşmançılıq necə olmalıdır?

Heç kim səhv etmək istəmir

Heç kim səhv etmək istəmir. Amma səhv etmək imtahanın əhəmiyyətli bir parçasıdır. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır.

Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: “Səhv etdikdən sonra o səhvi birdə etməmək üçün nə etmək lazımdır?”, “İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?”, “Qurana görə etdiyin səhvdən sonra çəkdiyin peşimançılıq necə olmalıdır?”, “səhv edən insan özünü günahkar saymalıdırmı?”, “insan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?”, “o səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?”, “səhvini necə düzəltməlidir?”

Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Bu səbəbdən də insan bir səhv edəndə bundan sonra nə etməli olduğunu Qurana görə təyin edə bilər.

Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə qüruruna fikir vermədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüd edirsə bu onun möminliyini şübhə altına alır. Çünki, Allah qorxusu insanı səhv bir hərəkətdən çəkindirər. “İnsanlar nə deyər?”, “alçalaram?”, “hərəkətimi dərhal dəyişdirməklə səhvimi qəbul etmiş vəziyyətə düşərəm?”, “insanlara qarşı etibarım zədələnər?”, “belə etsəm qürurumu qırmış olaram?” kimi nəfsinə yönəlik planlar qurmaz. Həmin anda ancaq Allah Qatında olan vəziyyətini düşünər. Allahın razılığına uyğun olmayan hərəkətdən imtina edib, Allahın bəyənəcəyi rəftar göstərəcəyini bilərək sevinclə səhvini tərk edər.

Beləliklə səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Günlər, həftələr ayırmaq lazım deyil bu iş üçün. Edilən səhv hər nə qədər böyük olursa olsun, insan verdiyi qərarla, Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə o səhvi də ortadan qaldırmış olar…

I …Allah Quranda, “sadiq bəndələrindən başqa” heç kimin xilas olmayacağını bildirmişdir (Hicr Surəsi, 40). Bir səhv ediləndə o insanı Allaha ən çox yaxınlaşdıracaq davranış da səmimiyyətdir. Bir insan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlamış və o qədər dərindən peşman olmuş deməkdir. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olmaqdan qorxursa, aciz bir vəziyyətdə Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Allahın icazəsiylə, Quran əxlaqına uyğun əxlaq göstərər. Belə bir insan, Allahın tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün canı-könüldən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.

Möminlər çox həssas vicdana sahibdirlər. Vicdanlarına uyğun gəlməyən ən kiçik hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olar. Allahdan qorxduqları üçün, Allahın razı olmayacağı bir hərəkət etməmək üçün ciddi səy göstərərlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqıyla hərəkət edərək ortadan qaldırarlar. Cahiliyyə insanlarında olduğu kimi narahat olduqları üçün depressiyaya girməzlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, qəmginliyə, əziyyətə, pessimizmə ya da ümidsizliyə düşməzlər. Bu narahatlıq onlarda çox dərin və şiddətli bir peşmanlıq hissi meydana gətirər. Ancaq bu, “şeytandan” deyil, ”rəhmandan” gələn bir peşmanlıqdır.

Bəzi cahiliyyə insanları “peşmanlıq” deyiləndə, “insanın özünə qapanmalı, ətrafındakı insanlardan uzaqlaşmalı, sonsuz günahkarlıq hissi ilə yaşamalı, depressiyaya girməli və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməli” olduğuna inanırlar. Bu “şeytani peşmanlıq” formasıdır. Və bu peşmanlıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı bir peşmanlıq yaşanır.

Möminlər isə yaşadıqları dərin və mənalı peşmanlıq ilə səmimiyyət qazanarlar. Allahın icazəsi ilə, Allaha daha da yaxınlaşar, Allaha daha da dərindən dua edərlər.