İnsan, Allah Qatından olan imtahanın tələbi olaraq, həyatı boyu maddi-mənəvi müxtəlif ağır və çətin görünən hadisələrlə qarşılaşır. Ancaq bunlar arasında elə bir hiss vardır ki, bu, bəlkə də heç bir fiziki ağrı ilə müqayisə edilə bilməyəcək qədər şiddətlidir. İnsanın ruhunda böyük bir çətinlik meydana gətirir. Bəhs edilən bu hiss,”peşmanlıq”dır.
Peşmanlığın iki fərqli şəkli vardır: Allaha iman gətirən insanların yaşadıqları peşmanlıq ilə iman gətirməyən insanların yaşadıqları peşmanlıq… Bu iki hiss, bir-birlərindən son dərəcə fərqlidir.
Möminlər hər hadisənin Allahın məlumatı və icazəsi ilə reallaşdığını, başlarına nə gəlirsə-gəlsin Allahın diləməsi ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də ən əhəmiyyətli xüsusiyyətlərindən biri təvəkküllü olmalarıdır. İnanan bir insan çətinliklə də qarşılaşsa, çox rahat bir mühitdə də olsa, heç etmək istəmədiyi bir səhvi də etsə təvəkküllü davranar.
Allaha iman gətirməyən insanların yaşadıqları peşmanlıq duyğusu isə ümumiyyətlə çox çətin və uzun müddətlidir. Təvəkküllü olmadıqları üçün də qarşılaşdıqları çətinliklərdə, etdikləri bir səhvdə böyük daxili sıxıntı yaşayırlar. Ancaq bundan daha əhəmiyyətli bir mövzu vardır ki, dünyada olarkən yaşadıqları bu çətin peşmanlıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Çünki dünyada dəfələrlə xəbərdar edilmiş, doğru yola dəvət edilmişlər. Ancaq bu anları həmişə gözardı etmiş və dünya həyatının heç vaxt sona çatmayacağı kimi bir hissə qapılaraq axirəti unutmuşlar. Amma axirətdə cəhənnəm ilə qarşılaşanda artıq geri dönüb səhvlərini düzəltmək imkanları olmayacaq. Bir ayədə belə bildirilir:
Alovun qarşısında dayandırıldıqları zaman: “Kaş biz (dünyaya) qaytarılaydıq, Rəbbimizin ayələrini yalanlamayaydıq və möminlərdən olaydıq!” – demələrini görəydin. (Ənam surəsi, 27)
O gün heç kimin peşmanlığı kimsəyə fayda verməyəcək və cəhənnəm əzabından qurtara bilməyəcək. Bu peşmanlığı yaşamamağın tək yolu, hələ vaxt varkən Uca Rəbbimizə təslim olmaq, Onun əmr etdiyi Quran əxlaqını tam mənası ilə yaşamaqdır.

