İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss “peşmançılıq” hissidir.
Peşmançılığın iki fərqli şəkli var. Allaha iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.
Möminlər hər hadisədən Allahın xəbəri olduğunu və Onun izni ilə baş verdiyini, başlarına nə gəlsə, Allahın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərdən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə qarşılaşanda da, heç etmək istəmədiyi səhv bir iş görəndə də təvəkküllə hərəkət edər. Əgər səhv edərsə, tez tövbə edər və Allahın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək həmin davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruhi düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, iman coşqunluğunu azaltmaz, tərəddüd və vəsvəsəyə salmaz.
Allaha iman gətirməyən insanların yaşadığı peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Daim “kaş” nidası ilə yaşayırlar: “kaş etməsəydim…” “kaş deməsəydim…” “kaş getməsəydim…”

