Passiv Xarakterə Zidd Olan Xarakter: Mömin Xarakteri

Müsəlmanlar bütün ömrünü Allahın rizasını qazanmağa həsr etmiş, cənnətə daxil olmağa ümid edən, səmimi insanlardır. Bu məqsədləri onları hər an aktiv, şövqlü və oyanıq saxlayır. Yaşadıqları şərtlər və mühit dəyişsə də onların bu vəziyyəti heç vaxt dəyişməz, səmimi, şövqlü, Allaha qarşı tam təslim olarlar. Allahın əmr və qadağalarına qarşı həssaslığı hər an mühafizə edərlər. Allaha səmimi olaraq iman edən bir insan, bütün hadisələrin Allahın nəzarəti altında və təyin etdiyi taleyə görə baş verdiyinə qəti olaraq iman edər, hər çətinlikdən sonra mütləq bir asanlıq gələcəyinə inanar. Allah bu həqiqəti Quranda belə bildirir:

“Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.” (İnşirah surəsi, 5-6)

“… Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.” (Talaq surəsi, 7)

Müsəlmanlar, Allahın sözünün mütləq yerinə yetəcək bir vəd olduğuna qəti olaraq inandıqları üçün, hadisələrin ən başından bütün mərhələlərində mütləq yaxşı şeylərin baş verəcəyinə və ən xeyirli şəkildə bitəcəyinə inanırlar. Bu, Allaha qəti olaraq inanan və Quranın haqq kitab olduğunu bilən insanların iman formasıdır. İmanda olan qəti qərarlılıq sayəsində müsəlmanlar, dünya həyatında hər an aktiv, şövqlü, imanın gətirdiyi gözəl bir coşğu içində yaşayarlar. Allahın Quranda bildirdiyi kimi “yaxşı işlər görməkdə yarışan”, həmişə gözəl əxlaq üçün səy göstərərək yaşayarlar. Müsəlmanların bu şövqlü xarakteri ayələrdə belə xəbər verilir:

“Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer qədər olub müttəqilər üçün hazırlanmış olan cənnətə tələsin!” (Ali İmran surəsi, 133)

“Ey iman edənlər! Səbir edin, (düşmənə qarşı) möhkəm olun, sərhəd boyu növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali İmran surəsi, 200)

“Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edib pis əməllərdən çəkindirir və xeyirli işlər görməkdə bir-birləri ilə yarışırlar. Onlar əməlisaleh kimsələrdəndirlər.” (Ali İmran surəsi, 114)