Özündən razı olmaq

Ağılı ələ alan adsız xəstəlik

Bir çox insanların özlərinin də xəbəri olmadan yoluxduqları adsız bir xəstəlik növü var. Bu xəstəlik insanın öz ağlını həddindən artıq bəyənməsi və dünyadakı hər kəsdən, hər şeydən çox öz ağlına etibar etməsindən ibarətdir.

Bu insan ətrafındakı hər hadisəni hamıdan yaxşı qavradığını, hər bir insanı çox yaxşı tanıdığını zənn edir. Bütün mövzularda mümkün ola biləcək ən doğru analizləri özünün etdiyinə inanır. Demək olar ki, tanıdığı hər bir insan haqqında özünə görə müəyyən diaqnozları olur və bunların doğruluğundan tam əmindir. Kim nə deyirsə desin, hadisələrə və insanlara başqa bir aspektdən baxa bilməsi mümkün deyil. Belə olan halda, həmin insana nə qədər sübutlar, nə qədər məntiqli açıqlamalar etsən də, fayda verməz. Çünki bu insan yalnız öz istədiyinə inanır, yalnız öz bildiyi kimi düşünür və onu tətbiq edir. Heç vaxt hadisələrə, insanlara və yaşadıqlarına başqa aspektdən baxmır. Özündən çox əmin olur. Hadisələrin fərqli yönlərinin ola biləcəyinə, münasibətlərin tamamilə fərqli məqsədlər daşıya biləcəyinə ehtimal belə etmir. Hadisələrin özünün görə bildiyi tərəfləri ilə yanaşı, görə bilmədiyi tərəflərinin də ola biləcəyini düşünmür, hadisələr və insanlar haqqında qəti hökmlər verir.

Bu cür insanların başqa bir xüsusiyyəti də, öz mənfəətlərini getdikcə daha çox düşünmələridir. Hər şeyə öz dünyagörüşləri və ön mühakimələri ilə baxdıqları üçün fikirlərinə saxta sübutlar tapmaqda heç bir çətinlik çəkmirlər. Getdikcə özlərindən başqa heç kəsə qulaq asmayacaq və mənəvi cəhətdən heç bir həqiqəti görə bilməyəcək qədər korlaşırlar. Bu mənəvi korluq nəticəsində özlərini yanlış bir yola və təhlükəli sona doğru apardıqlarını dərk etməyəcək hala gəlirlər. Bütün bunların nəticəsində də həqiqi mənada ağıllı olmaq xüsusiyyətlərini itirirlər. Qarşılaşdıqları yaxşılıqların pis niyyətli olduğundan əmindirlər. Yaxud onlara qarşı göstərilən gözəl bir rəftarın ardında başqa bir məqsəd olduğu qənaətinə gəlirlər. Heç bir qüsur tapa bilmədikləri normal bir davranışa isə “süni və təbii olmayan” mənası verirlər. Axirətləri üçün faydalı olan, nəfslərini tərbiyə edən bir münasibəti ədalətsiz, mərhəmətsiz, sevgisiz davranış olaraq xarakterizə edirlər.