Özümüzə “Müsəlman” deməyimiz bizi müsəlman etməz

Müsəlmanların üstün əxlaqı

Quran əxlaqına və peyğəmbərimizin (s.ə.v) sünnətinə tabe olan müsəlmanlar çox üstün əxlaqa sahibdirlər. Rəftarları, hadisələr qarşısındakı reaksiyaları, söhbətləri, estetik zövqləri, incəsənət anlayışları, mədəniyyətləri ilə digər insanlara nümunədirlər. Birlikdə hərəkət edən, insanlara fayda verən, həmişə gözəlliklərə səbəb olan şəxslərdir.  Ən diqqət çəkən xüsusiyyətləri isə sevgi dolu, mülayim xasiyyətli və təvazökar olmalarıdır.

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) üstün əxlaqı, ağılı, fərasəti, təvazökarlığı, sevgisi və mərhəməti ilə bütün möminlərə nümunə olmuşdur. Onun olduğu mühitlərdə şövq, həyəcan, təmizlik, rahatlıq və ən gözəl, hikmətli söhbətlər hakimdir. Bütün müsəlmanlar da bu həqiqətin şüuru ilə elmlərini artırmalı və əxlaqlarını daha da gözəlləşdirmək üçün səy göstərməlidirlər. Olduqları hər mühitdə peyğəmbərimizi (s.ə.v) nümunə götürərək davranmalıdırlar.

Mehriban, mərhəmətli və mülayim xasiyyətli olmaq

Sevgi, mərhəmət, anlayış və təvazökarlıq imanın vacib əlamətlərindəndir. Bu sevgi bütün insanlar üçün çox böyük nemət və lütfdür. Həqiqi sevgi isə dərin iman və Allah qorxusu ilə yaşanır. Möminlər gördükləri gözəl mənzərələri, rəngarəng çiçəkləri, növbənöv heyvanları, bir-birindən ləzzətli meyvə və tərəvəzləri, ehtişamlı evləri, son model avtomobilləri, estetik incəsənət əsərlərini, gözəl musiqiləri Allahın təcəlliləri kimi sevirlər. Buna görə də bu gözəlliklər qarşısındakı duyğuları səmimidir. Sevgiləri Rəbbimizə şükürlərinin saf ifadəsidir. Allahın Quranla müsəlmanlara öyrətdiyi sevgi möminlərin xasiyyətlərini gözəlləşdirir və mərhəmətli olmalarına səbəb olur.

Möminlərin Allahın təcəllisi kimi ən çox sevdikləri insanlar isə imanlı qardaşlarıdır. Rəbbimiz bunu “Möminlər, həqiqətən də qardaşdırlar…” (Hucurat surəsi, 10) ayəsi ilə də bizə bildirmişdir. Buna görə də müsəlmanlar arasındakı münasibət eyni ilə öz qardaşları arasında olduğu kimi dərin sevgiyə, mərhəmətə, şəfqətə əsaslanır. Bütün bu sevgi və bağlılıq həm də cənnətin xüsusiyyətlərindən biridir. Rəbbimiz Quranda belə buyurur:

”Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.’ (Hicr surəsi, 47)

Müsəlmanlar bir-birlərinin vəlisi, köməkçisi, həqiqi dostlarıdırlar. Hər müsəlman digər qardaşına hörmətlə, sevgi ilə yaxınlaşmalı, onun üçün hər cür fədakarlığı sevərək etməli və vəfalı davranmalıdır. Qardaşlarına mərhəmətlə yaxınlaşmalı, səhvlərinə qarşı səbirli olmalı, qüsurlarını ən gözəl tərzdə örtməyə çalışmalı, onların xətrinə dəyən hər rəftardan çəkinməlidir.

Peyğəmbərimizin (s.ə.v) “Mərhəmət edin ki, sizə də mərhəmət olunsun. Bağışlayın ki, sizi də bağışlasınlar…” hədisi ilə müsəlmanlara bildirdiyi əxlaq da budur.

Rəbbimiz hz. Muhəmmədin (s.ə.v) gözəl əxlaqını “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir.”(Tövbə surəsi, 128) ayəsi ilə bildirmişdir. Mübarək peyğəmbərimizə (s.ə.v) tabe olan və Ona könüldən itaət edənlər də digər möminlərə qarşı şəfqətli və mərhəmətli davranmalıdırlar. Peyğəmbərimizə (s.ə.v) dəstək olan möminlərin bir-birlərinə olan sevgiləri və fədakarlıqları da bütün müsəlmanlara nümunədir. Allah Quranda Peyğəmbərimizlə (s.ə.v) hicrət edən müsəlmanların Mədinədəki möminlər tərəfindən ən gözəl tərzdə qarşılandıqlarını və fədakarlıqlarını belə bildirmişdir:

‘(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin ‘tamahından qorunan kimsələr nicat tapanlardır.’ (Hicr surəsi, 9)