“Şuəra” surəsinin 89-cu ayəsində cənnətə gedənlərin “Ancaq təmiz bir qəlblə Allahın hüzuruna gələndir…” buyurulur. Halbuki Quranda bildirilən qəlb təmizliyi, müasir cəmiyyətlərin başa düşdüyü təmizlik deyil. “Qəlb təmizliyinin” əhəmiyyətindən yola çıxaraq, “mən insanlara pislik etmirəm, arada kasıblara kömək edirəm, demək ki, Allahın istədiyi əxlaqa sahibəm” demək, özünü aldatmaqdan başqa bir şey deyil.
Çünki Qurana görə təmiz qəlbə sahib olmaq, Allaha üz tutmaq və Ona itaət etmək, Allahdan var gücü ilə qorxmaq, Allahı çox sevmək və ürəkdən iman etmək deməkdir. Ola bilsin ki, bəziləri kasıblara hərdən kömək etməklə, heyvanlara yemək verməklə, qonşularına gülümsəməklə “yaxşı insan” kimi tanına bilər. Və əlbəttə ki, bunlar gözəl xüsusiyyətlərdir. Halbuki cəhənnəmdən xilas olub Allahın rizasını və rəhmətini qazanmağın yolu “yaxşı insan” kimi tanınmaq deyil, Allahın Quranda bildirdiyi kimi yaşayan saleh bir mömin olmaqdır.
Allah Quranda bu şəkildə bildirir:
Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Tövbə surəsi, 19)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)
Qurana görə təmiz qəlbli insan Allaha iman edən, Allahın əmr və qadağalarına ciddi şəkildə tabe olan, Ona təslim olan insandır. İslama görə bundan başqa “qəlb təmizliyi” yoxdur. Quranda “qəlb təmizliyinin” nə olduğu ətraflı şəkildə izah edilmişdir.
Buna görə də, qəlbi təmiz olan insan, daim Allahı zikr edən və qəlbi Allahı zikr etməklə rahatlıq tapan şəxsdir. Quranda möminlər bu cür təsvir olunur:
Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rad surəsi, 28)
Başqa bir ayədə isə möminlərdən bu cür bəhs edilir:
“O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər…” (Həcc surəsi, 35)
Başqa bir ayədə isə möminlərin qəlbinin “İman edənlərin Allahı anma və Ondan nazil olan (Quran) səbəbilə qəlbinin ürpərmə”si (Hədid surəsi, 16) bildirilir.
İnsanı mömin edən, Quran əxlaqından həzz almasını təmin edən, Uca Allaha itaətdə sevinc və rahatlıq duymasını təmin edən ən əsas xüsusiyyətlərdən biri də qəlbindəki bu səmimiyyətdir.
Quranda qəlbin bu həssaslığının “Allahın hidayəti” olduğu bildirilir:
Allah, təşbehli (mütəşabeh), ikili kitab olaraq sözün ən gözəlini endirdi. Rəblərinə qarşı içləri titrəyərək-qorxanların Ondan dəriləri ürpərər. Sonra onların dəriləri və qəlbi Allahın zikrinə (qarşı) yumşalar-sakitləşər. Məhz bu, Allahın yol göstərməsidir, onunla dilədiyini hidayətə çatdırar…” (Zumər surəsi, 23)
Qısacası, qəlbin təmizliyi, insanı Allahdan uzaqlaşdıran bütün maneələri qəlbdən təmizləməsi deməkdir. Belə bir insan dünyəvi istəklərindən, xudbinlikdən, qorxu və güvənsizlikdən uzaqdır. Allahdan başqa varlıqlara bağlanmaqdan, onlara qarşı sevgi duymaqdan qurtular.
“Qəlbim təmizdir, dinə uymasam da eybi yoxdur” səhv düşüncəsini irəli sürənlər, Allahı və möminləri aldatdıqlarını düşünə bilərlər, halbuki əslində özlərini aldadırlar. Bu ifadə ancaq ibadətlərini yerinə yetirməkdən qaçan və səhv həyat tərzini müsəlman kimi göstərməyə çalışan bir insanın səmimiyyətsizliyidir. Ancaq bu cür qeyri səmimi davranışlar nə Allah qatında, nə də möminlərin nəzərində qəbul edilməz.

