Cahil inanca görə, bir insanın başına gələn ən pis hadisələrdən biri yaxınının və ya özünün ölümüdür. Ölümə yaxınlaşmaq və ya yaxın adamını itirmək ən qorxulu şeylərdən biri sayılır. Ölümdən heç danışmamağı, söz düşəndə də mövzunu tez dəyişməyi məsləhət görürlər. Onların yanlış inancına əsasən, bir çox hadisəyə xeyir gözü ilə baxıla bilər, lakin insanın ölməsində əsla xeyir yoxdur…
Din əxlaqını yaşamayan cəmiyyətlərin hamısı ölümü eyni cür dəyərləndirir və fərqli düşünmürlər. Ölümü yox olma kimi görür, axirətə tərəddüdlə yanaşırlar. Bu insanlar üçün tək yaşayış yeri dünyadır. Dolayısilə, onlara görə ölümlə yanaşı, bu imkan tamamilə bitir və ölən adamdan geriyə sadəcə üzüntü qalır. Xüsusilə də çox sevdiyi bir yaxınını itirən adam qəm-qüssəli olur və çox sıxıntı keçirir. Hətta yaxını gənc yaşında ölsə, Allaha və taleyə üsyankar hərəkətlər etməyə başlayır. Halbuki onlar çox əhəmiyyətli həqiqəti unudurlar:
Əvvəla, yer üzündəki insanların heç biri öz istəkləri ilə dünyaya gəlməyiblər və heç bir insan öz iradəsi ilə həyat əldə etməyib. Bütün insanların həyatı Allaha aiddir; hər kəs uca Allahın təqdir etdiyi zamanda və Onun diləməsi ilə həyat tapıb. Göylərin, Yerin, bu ikisinin arasındakı canlı-cansız hər varlığın sahibi olan Allah istədiyi insanın canını dilədiyi şəkildə və dilədiyi zamanda alacaq. Allahın taledə müəyyən etdiyi bu zamanı heç kimin ertələməyə və ya önə çəkməyə gücü çatmaz. Bu həqiqət Quranda belə bildirilir:
Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. (Ölüm,) vaxtı müəyyən edilmiş bir yazıdır. Kim dünya savabını (nemətini) istəyərsə, ona ondan verərik. Kim axirət savabını (cənnəti) istəyərsə, ona da ondan verərik. Şükür edənləri mükafatlandıracağıq. (Ali İmran surəsi, 145)
Bundan başqa, insan ölümdən uzaqlaşmaq üçün nə qədər tədbir alsa da, nə qədər güvəndiyi yerlərə sığınsa da, ölümdən qaça bilməz. Heç gözləmədiyi şəkildə dünyadan gedə bilər. Eyni şəkildə, bir yaxınının ölməməsi üçün nə qədər çalışsa da, hətta dünyanın bütün imkanlarını səfərbər etsə də, bu istəyini (Allah diləmədikcə) reallaşdıra bilməz.
Bir ayədə ölümün hər yerdə insanı tapacağı belə ifadə edilmişdir:
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır… (Nisa surəsi, 78)
Buna görə də insan özünü və ya yaxınlarını ölümdən qaçırmağa çalışmamalı, əksinə, ölümdən sonrası üçün hazırlıq görməli və sevdiyi insanların da axirətdəki sonsuz həyatı üçün hazırlıq görməsinə vəsilə olmalıdır.
Axirət inancı zəif olan, yaxud heç olmayan insanların ölüm və ölümdən sonrakı həyata baxışı çox yanlışdır. Bundan dolayı, ölümü xeyirli hadisə kimi deyil, müsibət kimi görürlər. Ölən adamı bir daha görə bilməyəcəklərini və onun torpaqda yox olduğunu düşünürlər.
Halbuki ölüm yox olma deyil, əksinə, insanların əsl yurd olan axirətə keçmələri üçün bir vasitədir. İstisnasız hər insan ölümlə qarşılaşacaq və əbədi axirətə keçəcək. Bu, bir çox insanlar üçün gənc yaşda olur, bir çoxları üçün də ahıl yaşda olur. Nəticədə, heç kim yer üzündə əbədi qalmayacaq; insan hər gün ölümə bir az daha yaxınlaşır. Buna görə, ölümdən qaçmağa çalışmaq, ölümü düşünməmək və ölümü müsibət olaraq dəyərləndirmək çox ağılsız davranışdır.
Bəzi insanlar isə axirətə inandıqlarını desələr də, yenə ölənin arxasınca ağlamağı təbii görürlər. Halbuki Allahın ədaləti sonsuzdur. Ölən adam Allaha hesab verəcək və dünyada etdiyi hər şeyin qarşılığını misli ilə alacaq. Buna görə də, Allaha və axirətə inanan, dünyada Rəbbimizin istədiyi kimi həyat sürən hər insan üçün ölüm sonsuz gözəllik həyatının qapısıdır. İman edənlər üçün ölüm əbədi qurtuluşun başlanğıcıdır. Lakin yer üzündə təkəbbürlük edən, axirəti inkar edən cahil insanlar üçün ölüm sonsuz əzabın qapısıdır. Buna görə də, həmin insanların ölümü xeyir olaraq görməsi mümkün deyil.
Bu zidd anlayış fərqinə görə, bir möminin ölümü ilə qarşılaşan digər möminlərin reaksiyası cahillərdən qəti şəkildə ayrılır. Çünki cahil inanca görə ən pis hadisə sayılan ölüm möminlər üçün yenə xeyir vəsiləsi kimi görünür. Möminlər ölümü uca Allahın bu ayəsi kimi düşünürlər:
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir. (Ali İmran surəsi, 157)
Bu ayədən də göründüyü kimi, möminlərin yaşaması kimi, ölümləri də xeyirlidir. Xüsusilə, Allah yolunda bir iş görərkən ölən möminlərə Allah qatında xüsusi dərəcə vardır. Buna görə də şəhidlik məqamı möminin şərəfidir və axirətdəki mükafatını artıran xeyirli hadisədir. Axirəti düşünən və Allahın rizasını qazanmaq üçün yaşayan möminin Allah yolunda şəhid olması çox şərəflidir. Quranda xəbər verilmiş bu müjdəni bilən möminlər başqa bir mömin Allahın rizası üçün çalışarkən ölərsə, əsla kədərlənməzlər. Tam əksinə, bu möminin ölümündəki xeyir və gözəllikləri görüb sevinərlər. Heç şübhəsiz, gözəlliklərin ən üstünü Allahın rizasını və cənnətini qazanmaqdır. Xeyirli ömür sürən, bütün ibadətlərini yerinə yetirən, məsələn, yalan danışmayan, yaxşı əməldən xoşu gələn, ədalətli olan, zəkat verən, oruc tutan, Allahın dinini yayan (cəhd edən) və Allahın hədlərini qoruyan bir möminin Allah qatında üstün dəyəri olduğu umulur. Lakin inkarçı cəmiyyətlər uzun həyat yaşamağın daha xeyirli olacağını zənn etməklə yanılırlar.
Aşağıdakı ayədə Allah bu mövzudakı həqiqəti qəti şəkildə açıqlayır:
İnkar edənlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)
Bütün həyatını dünyanın keçici mənfəətini qazanmaq üzərinə quran cahil insanlar elə düşünürlər ki, ömürləri nə qədər uzun olsa, o qədər çox dünyəvi nemətlərdən faydalanacaqlar. Beləcə, Allahı və axirəti tamamilə unudaraq yaşayan bu insanlar boş yerə sərf etdikləri zamanın axirət həyatı üçün nə qədər böyük əhəmiyyət daşıdığını düşünmürlər. Halbuki yuxarıdakı ayədə də bildirildiyi kimi, özləri üçün xeyir zənn etdikləri bu müddət əleyhlərinədir.
Bu nümunə üzərində düşünən insan xeyir və şəri necə dəyərləndirəcəyini və Allahın “sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli” (Bəqərə surəsi, 216) hökmünü yaxşı başa düşər.

