Ölüm insanın bütün gücünü itirdiyi, Rəbbimizin qarşısında acizliyini, möhtaclığını kamil şəkildə və şüurla qavradığı andır. Bu həqiqətlə qarşılaşan insanın o ana qədər necə əxlaq göstərməsindən asılı olmayaraq, böyük sevgi, hörmət və acizliklə Allaha təslim olması gözlənilir.
Ancaq bəzən iman gətirənlər üçün ibrət olan hadisələr reallaşır. Çətin, sıxıntılı günlər keçirən, müalicəsi mümkün olmayan və dəhşətli ağrılar verən xəstəliklərə tutulan və hətta ölümünə az qaldığı deyilən bəzi insanlar acizliklərini hiss edib Allaha sığınmaq əvəzinə, çox çirkin cəsarət və imani şüursuzluq göstərirlər. Ölümün yaxınlaşdığını hiss edib Allaha sığınmaq, iman gətirib axirəti düşünmək yerinə, dünyaya bağlanmağa davam edirlər. İman gətirən insanların heyrətlə və ibrətlə izlədikləri bu insanlar Allahın Quranda xəbər verdiyi ayələrin təcəlliləridir.
Möminlərin imanlarının artmasına, Allaha daha dərin bağlanmalarına və acizliklərini daha yaxşı hiss etmələrinə vəsilə olan bu insanlara demək olar ki, hər gün xəbərlərdə və ya cəmiyyətdə rast gəlmək mümkündür. Məsələn, xərçəng xəstəliyinə tutulan, ömrünə 20-30 ay qalan insanın hər gün Allaha daha da yaxınlaşması, axirət üçün daha səmimi cəhd etməsi gözləndiyi halda, bu insan həyatını son anına qədər dinə və inananlara qarşı mübarizə aparmaqla keçirir. Acizliyinə və başına gələn sıxıntılara baxmayaraq, bir an belə Allahın ona verdiyi neməti düşünmür, bütün gözəllikləri ona bəxş edənin və çəkdiyi sıxıntılardan onu qurtarmağa qadir olanın Allah olduğunu təqdir edə bilmir. Öləcəyini, Allahın hüzuruna gedəcəyini və özünü Allahdan başqa heç kimin qurtarmayacağını çox yaxşı bildiyi halda imandan üz döndərir.
Son bir neçə ayını sevgi və səmimiyyətlə xeyirli işlər görmək əvəzinə, üsyan, nifrət, çirkin cəsarət göstərməyə sərf edir. Bunun nə dərəcədə faydasız olduğundan və necə böyük itki olduğundan, nəticədə necə peşman olacağından xəbərsizdir. İnsanları heyrətləndirəcəyini, maraqlarını cəlb edəcəyini, ölümdən və axirətdən qorxduğunu gizlədə biləcəyini düşünməsi və faydasız söhbətlər etməsi ona nə dünyada, nə də axirətdə fayda verməyəcəkdir. Bu günə kimi heç kim ölümdən qaça bilməyib.

