Oğurluqda israr edənlərin öldürülməsi hökmü Quranda qətiyyən mövcud deyil və başqa bir uydurma hədisdən irəli gələn qorxunc cinayətdir.
Xurafatçılar şiddətə meylli olduqlarına görə ayələri də öz saxta dinlərinə uyğun tərcümə edirlər, Allah heç bir ayədə şiddət göstərməmişdir. Sonsuz Rəhmət və Mərhəmət sahibi olan Allah, insana zülm etməyi əmr etməz.
Ayədə deyilənsə insanlarla əlaqəsini kəsməkdir, yəni həbs etməkdir, həbsə salmaqdır, zatən dövlətin cinayət hüququ da bunu deyir.
Oğurluq hökmü ilə əlaqədar Qurana baxanda görürük ki, hər günah işdə olduğu kimi, burada da bağışlamaq ön plana çıxır. Quranda oğurluq hökmünün təsvir edildiyi “Maidə” surəsinin 38-ci ayəsindən bir sonrakı ayə göstərir ki, bu əməli işləyən adam, əsasən, əfv edilir. Əlbəttə, bunun üçün əsas şərt odur ki, bu əmələ yol verən adam tövbə etməli və davranışını düzəltməlidir. Bu, ayədə açıq şəkildə belə ifadə olunur:
Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 39)
Burada bunu qeyd etməliyik ki, oğurluğun hər hansı bir səbəbi olmalıdır. Oğurluq hökmünün tətbiq olunduğu topluluqlar, əlbəttə, Quran şəriətinə bağlı olan İslam cəmiyyətləridir. Quran şəriətinə bağlı olan İslam cəmiyyətlərində bir tərəfdə zənginlərin, digər tərəfdə isə yoxsulların mövcud olması mümkün deyil. Çünki Quranı əsas götürən topluluqlarda infaq (nəfəqə, maddi köməklik) sistemi mükəmməl şəkildə tətbiq olunur. Yəni maddi imkanı yaxşı olanlar yoxsulları daim qoruyub malı onlara verməklə məsuliyyət daşıyırlar. O zaman da oğurluğa səbəb qalmır, kimsə ehtiyac içində olmur.

