Oğrunun əlinin kəsilməsi yalanı

Hədisləri əsas götürərək, mənası dəyişdirilən ayələrdən biri də Maidə surəsi 38-ci ayəsidir

Hədisləri əsas götürərək, mənası dəyişdirilən ayələrdən biri də Maidə surəsi 38-ci ayəsidir. Ayənin hər bir sözünü təhlil edib yazını uzun və maraqsız etmək istəməzdim. Sadəcə Quran çərçivəsində araşdıraraq bunun belə olmadığına şahid olacağıq. Ayəni məzhəbci tərcüməsi belədir:

Maidə 38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan şiddətli cəza olaraq (sağ) əllərini kəsin (faktau eydiyehuma). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Biz əsasən “əllər”, “kəsin” üzərində dayanaraq bunları digər Quran ayələri ilə qarşılaşdıracağıq. Əgər həqiqətən də fiziki kəsmək varsa, bu ortaya çıxacaq. Sıralama olaraq bəzi arqumentlər qoyaq:

1) Ayədə sağ əl yoxdur. Ümumi mənada əllər var. Mötərizədə olan “sağ” sözünü hədislərdən götürüblər. Hədislərə görə oğrunun sağ əli biləkdən kəsilməlidir.

2) Tutaq ki, oğrunun əli kəsildi. Cəmi bir ayə sonraya baxaq. Maidə surəsi 39-cu ayə. “Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.” Oğurluq edənin sağ əlini kəsdilər, sabahı gün tövbə etdi və düzəldi. Sonra? Əl artıq şikəst qalıb. Tövbəsinin nə xeyri oldu? Və səmimi tövbə edə bilərmi?

3) Ayədə işlənən “eydiyə” kəlməsinin əsas iki mənası var. a) Əllər, b) Güc, qüvvət, qüdrət. Quranda bunların hər ikisinə dair çoxlu ayələr var.

4) Güc, qüvvət, qüdrət mənasında işlənərkən:

Biz göyü qüdrətlə (bi eydin) yaratdıq və Biz onu genişləndiririk. (Zariyat surəsi, 47)

Onların dediklərinə səbr et və qüdrətli (eydi) qulumuz Davudu yadına sal. O, daim Allaha üz tutardı. (Sad surəsi, 17)

Güc (eydi) və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal. (Sad surəsi, 45)

5) “Əl” kəlməsi tək və cəm formada Quranda 110 ayədə 120 dəfə işlənib. Bunların 30-unda həqiqi əl mənasında, qalanında isə məcazi mənada işlənib. “Əl” kəlməsi cəmdə əsasən məcazi mənalarda işlənir. Məsələn:

Yəhudilər dedilər: “Allahın əli (yedu) bağlıdır”. Bu dedikləri sözə görə onların öz əlləri (eydi) bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri (yeda) açıqdır. (Maidə surəsi, 64)

Ümid edirəm kimsə bu ayələrdə həqiqi əl kimi başa düşmür. Aşkar şəkildə görünür ki, ayədəki əl kəlmələri məcazi anlamdadır.

6) Ayədəki “kəsmək” sözü Quranda iki formada yazılır: Şəddəsiz və Şəddəli. Yəni bu sözün də yazılışından asılı olaraq məcazi və həqiqi mənaları var. Hər iki mənasına aid ayələr var.

7) Yusif surəsində açıq-aşkar oğurluq səhnəsi təsvir edilib. Amma nədənsə oğrunun əli kəsilmədi. Sadəcə olaraq oğru həbs edildi, yəni gücü kəsildi. Gündəlik həyatımızda da biz belə cümlələr işlədirik. Məsələn: Filankəsin ayağını o yerdən kəsin. Burada heç kim həqiqi kəsmək kimi başa düşmür. Sadəcə həmin filankəs nə isə pis əməl edib ki, onu həmin yerdən uzaqlaşdırıblar.

İndi ayənin düzgün mənasını yazaq:

Oğurluq edən kişi və qadının gördükləri işə görə Allahdan bir cəza olaraq insanlarla əlaqəsini kəsin (həbs edin)! Allah qüdrətlidir, hikmət sahibidir. (Maidə surəsi, 38)