Nümunəvi Quran nəsli yetişdirmək

Başqa insanı nümunə götürmək

Bir çox insan başqa bir adamı özlərinə nümunə götürür və bu adama bənzəmək üçün səy göstərirlər. Hətta mədəniyyətindən danışığına, geyim tərzindən rəftarına qədər o adamı təqlid edər, onun həyat şəklini mənimsəyərlər. Ancaq bu nümunələrin demək olar ki, hamısı ya bir çox tərəfdən natamamdır ya da bütövlükdə insanları səhv yola çəkən əxlaq və anlayışa malikdir. İnsanlıq üçün ən gözəl əxlaq və rəftar nümunəsi Peyğəmbərimiz hz. Məhəmməddir. Peyğəmbərimizin gözəl əxlaqının və rəftarının qaynağı isə Qurandır. Peyğəmbərimiz və ətrafındakı möminlər Quranı özlərinə rəhbər etmiş, Quran əxlaqını mənimsəmiş, Allahdan şiddətlə qorxan, Onu dərin sevgi ilə sevən, vicdanlı insanlardır.

Allah, iman gətirənləri “yer üzünün xəlifələri” (Ənam surəsi, 165) xüsusiyyəti ilə şərəfləndirmiş, onlara həm bu dünyada, həm də axirət həyatında izzət və şərəf vermişdir.

Peyğəmbərimizin idarəsində olan cəmiyyətdə hüzur, xoşbəxtlik, güvən, ədalət, sevgi, dostluq, qardaşlıq, insaniyyət, şəfqət, mərhəmət, köməksevərlik, fədakarlıq kimi əxlaqi xüsusiyyətlər ən mükəmməl şəkli ilə yaşanmışdır. Necə ki, bu dövr tarixdə “Əsri səadət” olaraq adlandırılmışdır. Allah ixlas sahibi olan möminlərin dünya həyatında alacaqları bu qarşılığı belə müjdələyir:

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

Buna görə də, dövrümüzdə də Quran ilə düşünən, hökm verən, danışan və qərar verən bir nəslin yetişməsi çox əhəmiyyətlidir.

Peyğəmbərlərin əxlaqını özlərinə nümunə götürən, yalnız Allahın razılığını hədəf alan bu saleh müsəlman cəmiyyətinin xüsusiyyətləri Quran ayələrində bütün təfsilatları ilə izah edilmişdir. Bu saleh möminlərin bəzi xüsusiyyətləri belədir:

  • Yalnız Allaha qulluq edərlər (Fatihə surəsi, 4)
  • Allaha təslim olmuşlar (Tövbə surəsi, 51)
  • Allaha qarşı aciz olduqlarını bilirlər (Cin surəsi, 22)
  • Allahdan qorxurlar, Onun bəyənməyəcəyi əxlaqdan şiddətlə çəkinirlər (Rəd surəsi, 21)
  • İstənilən hal və vəziyyətdə Allaha şükür edirlər (Bəqərə surəsi, 172)
  • Alicənab və bağışlayıcıdırlar (Hicr surəsi, 85)
  • Təvazökardırlar (Furqan surəsi, 63)
  • Mərhəmətli və yumşaq xasiyyətlidirlər (Tövbə surəsi, 128)
  • Yaxşılığı əmr etməyə və pislikdən çəkindirməyə çalışırlar (Ali İmran surəsi, 104)
  • Birlik və bərabərlik ruhu içərisində olurlar (Səf surəsi, 4)
  • Günahkarlara əsla arxa durmurlar, həmişə haqqı və ədaləti müdafiə edirlər (Nisa surəsi, 58, 105)
  • Heç kəsin haqqını yeməzlər (Şüəra surəsi, 184)
  • Sözlərinə sadiqdirlər (Bəqərə surəsi, 177)
  • Boş şeylərdən həmişə üz çevirir, hər zaman faydalı yol üzərində olurlar (Furqan surəsi, 72)
  • Səbirlidirlər, çətinliklərdən əsla qorxmurlar (Ali İmran surəsi, 146; Hud surəsi, 55)
  • Etibarlı və cəsurdurlar (Yunis surəsi, 71)
  • Dinlərinə bağlıdırlar (Əraf surəsi, 89)
  • Fikirlərini zorla qəbul etdirmirlər, qarşılıqlı müzakirə edirlər (Nəhl surəsi, 125)
  • Gördükləri işlərdən mənfəət güdmürlər (Şura surəsi, 23)
  • Haqqı deməkdən çəkinmirlər (Maidə surəsi, 54)
  • İncəsənət və estetikadan zövq alırlar
  • Fanatizmə və xurafata qarşıdırlar

Yuxarıdakı xüsusiyyətləri daşıyan nəsillər hazırda yer üzünün bir çox bölgəsində yaşanan əxlaqi degenerasiyanın, müharibələrin, zalımlıqların, səfalətin, bəlaların, hiylə və saxtakarlıqların, çətinlik və sıxıntıların yox olub, yerini sülhün, təhlükəsizliyin, ədalətin, hüzurun, alicənablığın, qardaşlığın və köməksevərliyin almasına vəsilə olacaqlar. Çünki Quran əxlaqı bütün bəşəriyyətə maddi və mənəvi zənginlik, gözəllik və aydınlıq gətirir. Quran əxlaqının insanlar arasında geniş yayılaraq yaşanması ilə yer üzündəki bütün problemlər çox qısa müddət ərzində həll olar.

Allah Quranda, “Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə surəsi, 208) şəklində buyuraraq insanları Quran əxlaqını yaşamağa çağırmışdır.

Yaşadıqları cəmiyyətin batil ənənə və adətlərinin, öyrəndikləri səhv məlumatların arxasınca düşməyib, dinin həqiqi qaynağı olan Qurana tabe olanlar ayədə ifadə edildiyi kimi İslama girmiş olacaqlar. Əks halda bir çox batil inancları olan, öz eqoist həvəs və istəkləri üçün yaşayan, kiçik hədəflər arxasınca qaçan, fanatik, mühafizəkar, səmimiyyətsiz, qorxaq, özünə inamı olmayan, dar düşüncəli, cahil, dinin əslini qavramayıb mistik düşüncələrlə inancını yaşatmağa çalışan, ağılsız, bəsirətsiz, mühakiməsi korlanmış, dindən kənar qayda və prinsiplərin altında əzilmiş, əxlaqsızlıqda sərhəd tanımayan cəmiyyətlər meydana gələcək. Əlbəttə, belə şəxslərdən ibarət olan cəmiyyətdə tolerant, aydın, mədəni, hüzurlu və etibarlı həyatın yaşanmayacağı məlumdur.

Bu mövzu ilə bağlı Bədiüzzaman Səid Nursi belə deyir:

“Milləti İslamiyənin səadəti yalnız və yalnız İslamın əsasları ilə ola bilər. Yoxsa ədalət məhv olar, asayiş alt-üst olar. Əxlaqsızlıq və murdar xasiyyətlər üstün gələr. İş yalançıların və yaltaqların əlində qalar” demişdir. (Xütbeyi Şamiyə, səh. 79)